
Bakı. Trend:
DÇ-2026-nın püşkatma mərasimində iştirak üçün ABŞ-nin paytaxtı
Vaşinqtonda olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının
(AFFA) prezidenti Rövşən Nəcəf səfər zamanı Pakistan Futbol
Federasiyasının (PFF) prezidenti Mohsen Gilani ilə görüşüb.
Bu barədə Trend-ə AFFA-dan məlumat verilib.
Bildirilib ki, görüş zamanı AFFA və PFF futbol sahəsində
əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu
imzalayıblar. Sənədin imzalanmasında məqsəd iki ölkənin milli
assosiasiyaları arasında tərəfdaşlığın möhkəmləndirilməsi, futbolun
inkişafı və beynəlxalq əlaqələrin daha da gücləndirilməsidir.
Memorandum çərçivəsində tərəflər təlim-məşq toplanışlarının
təşkili, müxtəlif yaş qruplarından ibarət milli komandalar arasında
yoldaşlıq oyunlarının keçirilməsi, qadın futbolu, futzal, çimərlik
və əlillər futbolunun dəstəklənməsi, eləcə də hakimlərin mübadiləsi
və təhsili sahəsində əməkdaşlıq edəcək.
Məlumata görə, bu razılaşma hər iki ölkədə futbolun inkişafına,
gənc futbolçular, məşqçilər və hakimlər üçün yeni imkanların
yaranmasına xidmət etməklə yanaşı, AFFA və PFF arasında dostluq,
qarşılıqlı etimadın daha da güclənməsinə təkan verəcək.

