Münaqişələrdən sonra mədəni irsin bərpası ən çətin istiqamətlərdəndir – Kairat Osmonaliyev

Baş səhifə

Bakı. Trend:

Silahlı münaqişələrdən zərər çəkmiş ərazilərdə mədəni irsin
qorunması və geri qaytarılması məsələsi beynəlxalq humanitar hüquq
və mədəni irsin mühafizəsi sahəsində ən çətin istiqamətlərdən
biridir.

Trend xəbər
verir ki, bunu Qırğız Milli Universitetinin Türk İrsi Mərkəzinin
rəhbəri Kairat Osmonaliyev
Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni və Qayıdış Hüququ
Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin
bərpası – ədalətə, barışığa va sülhə aparan yol kimi” mövzusunda
keçirilən III Beynəlxalq Konfransın panel sessiyasında çıxışı
zamanı deyib.

O bildirib ki, genişmiqyaslı dağıntılarla müşayiət olunan hər
bir silahlı münaqişə təkcə mədəni dəyərlərin mənsubiyyəti və
onların restitusiyası məsələlərini deyil, həm də bu irsin
qorunmasının siyasi-hüquqi mexanizmlərini gündəmə gətirir.

“Belə şəraitdə mədəni irsin itirilməsinin qarşısının alınması,
onun mühafizəsi üçün zəruri zəmanətlərin təmin edilməsi, gələcəkdə
isə bərpası və ya geri qaytarılması üçün şərait yaradılmasına
yönəlmiş beynəlxalq əməkdaşlıq mexanizmləri xüsusi əhəmiyyət kəsb
edir.

Mədəni irs, xüsusilə postmünaqişə dövründə, yalnız maddi
abidələrdən ibarət deyil. Bu, tarixi yaddaşın, kimliyin, ənənələrin
və birgə yaşayışın rəmzləridir. Qarabağ bölgəsində məscidlər,
kilsələr, məqbərələr, qəbiristanlıqlar, muzeylər və digər mədəni
obyektlər uzun illər ərzində məqsədyönlü şəkildə dağıdılmalar və
təhqiramiz müdaxilələrə məruz qalıb”.

O qeyd edib ki, münaqişədən sonra mədəni irsin bərpası və
qorunması məsələsi yalnız fiziki abidələrin yenidən qurulması
deyil, həm də ədalətin bərpası, etimadın gücləndirilməsi və dinc
birgə yaşayışın möhkəmləndirilməsi deməkdir.

“İşğaldan azad edilmiş ərazilər üzrə Azərbaycan müxtəlif
beynəlxalq platformalarda dəfələrlə və tam haqlı olaraq
vurğulamışdır ki, ölkə ərazisindəki bütün mədəni irs obyektləri
onların etnik, dini və ya tarixi mənşəyindən asılı olmayaraq
Azərbaycanın mədəni və tarixi kimliyinin bir hissəsidir. Bu irsin
məhv edilməsi və ya saxtalaşdırılması isə sadəcə maddi ziyanın
deyil, xalqımızın tarixi yaddaşının məhv edilməsi anlamına gəlir.
Mən dəfələrlə Qarabağda olarkən şəxsən şahid olmuşam ki, işğalçı
tərəf bu beynəlxalq sənədlərin heç birinə əməl etməmiş, məscidləri,
məqbərələri, muzeyləri və digər mədəni abidələri məqsədyönlü
şəkildə dağıdıb və təhqir edib. Xüsusilə, dini obyektlər üzərində
aparılmış vandalizm aktları, məsələn, məscidlərin heyvan saxlanılan
yerə çevrilməsi açıq-aşkar islamofobiyanın və mədəni-etnik nifrətin
təzahürü olub”.

O vurğulayıb ki, 167 qeydiyyata alınmış tarixi-mədəni obyektin
60-ının tam məhv edilməsi, qalanlarının isə ağır şəkildə
zədələnməsi bunun ən bariz sübutudur.

“Bu mənzərə göstərir ki, istənilən dövlət üçün belə risklər
milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilməlidir. Çünki
mədəni irs obyektləri münaqişə və ya sosial-siyasi gərginlik
dövründə ilk hədəflərdən birinə çevrilir. Buna görə də müasir
dövrdə dövlətlər üçün rəqəmsallaşdırma, inventarlaşdırma və mədəni
irsin beynəlxalq standartlara uyğun qorunması kimi fəaliyyətlər
xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bütün tarixi
abidələri dövlət nəzarətinə götürüb və onların bərpası
istiqamətində genişmiqyaslı işlərə başlayıb. Bu prosesin prioritet
istiqamətlərindən biri də mədəni abidələrin inventarlaşdırılması,
konservasiyası və bərpasıdır. Azərbaycan dövlətinin bu istiqamətdə
həyata keçirdiyi siyasət beynəlxalq dəstəyə layiqdir”, – deyə o
bildirib.