Azərbaycan ATƏT çərçivəsində konstruktiv əməkdaşlığa sadiqdir – Nazir

Baş səhifə

Bakı. Trend:

Qoşulmama Hərəkatı, COP-29, Türk Dövlətləri Təşkilatı, AQEM və
digər platformalarda fəal və nəticəyönümlü sədrlikləri ilə əməli
təsdiqini tapdığı kimi, Azərbaycan həqiqi körpü yaradan və
konsensusa əsaslanan yanaşmaların sadiq təbliğatçısı olaraq
effektiv çoxtərəfliliyin etibarlı tərəfdarıdır.

Trend xəbər
verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında
çıxışı zamanı deyib.

“Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə bu
yaxınlarda tam hüquqlu üzvlüyümüz çoxtərəfliliyə töhfə vermək
imkanlarımızı daha da gücləndirəcək”, – deyə o bildirib.

Nazir vurğulayıb ki, Azərbaycan özünün prinsipial və praqmatik
xarici siyasətinə əsaslanaraq ATƏT çərçivəsində də konstruktiv
əməkdaşlığa sadiqdir.

“Bütün çatışmazlıqlara baxmayaraq, biz hərtərəfli təhlükəsizlik
konsepsiyası və əhatəli üzvlük xüsusiyyətlərinə görə ATƏT-in roluna
inanmaqda davam edirik. Bununla belə, aktual qalmaq üçün təşkilat
adaptasiya etməyi bacarmalı və nəzərə çarpacaq nəticələr əldə
etməlidir. Yalnız birgə həll yolları nəticə verə bilər. Konsensus
prinsipi həmişə bizim kollektiv səylərimizin əsas xüsusiyyəti və
qərarların qəbulu prosesinin təməli olaraq qalmalıdır. Bu anlayışla
ATƏT-in funksionallığı və səmərəliliyi ilə bağlı çağırışların
aradan qaldırılması naminə bütün ATƏT üzv dövlətləri ilə
konstruktiv əməkdaşlığa hazırıq”, – deyə o fikrini tamamlayıb.