
Bakı. Trend:
Bir neçə amerikalı senator Prezident Donald Tramp
administrasiyasına Konqresin icazəsi olmadan Venesuelaya qarşı
hərbi güc tətbiq etməmək çağırışı ilə sənəd təqdim edib.
Trend xəbər verir ki, bu
barədə Virciniya ştatından demokrat senator Tim Keynin rəsmi
saytında yayımlanan açıqlamada bildirilir.
Qətnamə Tim Keyn, Kentakidən respublikaçı Rənd Pol,
Kaliforniyadan demokrat Adam Şiff və Senatda demokrat azlığın
lideri Çak Şumer (Nyu-York) tərəfindən hazırlanıb. Sənəd ABŞ
Silahlı Qüvvələrinin Konqresin razılığı olmadan “Venesuela
ərazisində və ya ona qarşı hərbi əməliyyatlarda iştirakının
qarşısını almağı” hədəfləyir.
Sənədi hazırlayan senatorlar diqqəti Trampın 2 dekabrda Latın
Amerikasında narkotik kartellərinə qarşı mübarizə çərçivəsində ABŞ
qüvvələrinin yaxın zamanda quru hədəflərinə zərbələr endirməyə
hazır olması barədə açıqlamasına yönəldiblər.
“Amerikalılar ictimai müzakirə və səsvermə aparılmadan Venesuela
ilə sonsuz bir müharibəyə cəlb olunmaq istəmirlər”, – ABŞ-nin digər
ölkələrin daxili işlərinə müdaxiləsinə daim qarşı çıxan Pol
bildirib.
Qətnamədə vurğulanır ki, ABŞ-də müharibə elan etmək səlahiyyəti
yalnız Konqresə məxsusdur.
“Konqres nə Venesuelaya, nə də Venesueladakı hər hansı şəxsə və
ya quruma qarşı müharibə elan edib, nə də bu ölkədə və ya ona qarşı
hərbi güc tətbiqinə icazə verib”, – sənəddə qeyd olunur. Mətnə
əsasən, Vaşinqton müvafiq güc tətbiqini dərhal dayandırmalıdır.


