
Bakı.Trend:
Son günlər Azərbaycanda yumurtanın bahalaşması ilə bağlı
xəbərlər yayılır. Bəs yayılan xəbərlər nə qədər doğrudur?
Mövzu ilə bağlı “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və
İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət
Həsənli Trend-ə
açıqlamasında bildirib ki, hazırda supermarketlərdə sadəcə kənd
yumurtası bahalaşıb.
O qeyd edib ki, buna səbəb kənd yumurtası sayının soyuq
havalarda azalmasıdır.
“Bu proses hər il belə olur. Yayda təxminən gündəlik 1
milyonadək istehsal olunan bu növ yumurta hazırda 300000-dək
saydadır. Bu da tələbata uyğun olaraq kənd yumurtasının
bahalaşmasına səbəb olur. Mart ayından yumurtanın qiymətində
yenidən azalma müşahidə ediləcək. Sənaye məqsədli intensiv satışa
çıxarılan yumurtanın qiymətində isə heç bir bahalaşma müşahidə
edilmir”.
M.Həsənli bildirib ki, sənaye üsulu ilə istehsal olunan
yumurtanın bir ədədinin qiyməti hazırda 16-19 qəpik aralığında
dəyişir. 16 qəpiyə ağ, 19 qəpiyə isə çəhrayı yumurtalar
satılır.
O qeyd edib ki, Azərbaycana yumurta idxal olunmur, çünki qonşu
dövlətlərdə bu məhsulun qiyməti çox bahadır.
“Məsələn, Türkiyədə yumurtanın 1 ədədinin qiyməti 27 qəpik,
Gürcüstanda 24 qəpik, İranda 24 qəpik, Rusiyada 22 qəpik,
Belarusiyada 21 qəpik, Avropa ölkələrində 45 qəpik, Amerikada isə 1
manat dəyərindədir. Bu qiymətlər də Azərbaycanla müqayisədə çox
bahadır deyə ölkəmizə yumurta idxal olunmur”.
M.Həsənli noyabr ayında Azərbaycandan xarici ölkələrə yumurta
ixrac edilmədiyini qeyd edib.
“Ötən aylaradək Amerika və Yaxın Şərq ölkələrinə yumurta ixrac
edilib. Hazırda Azərbaycan əhalisinin yumurtaya olan gündəlik
tələbatı 4 milyon 600000 ədəddir”,-deyə o əlavə edib.

