
Bakı. Trend:
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi
(KMBİ) onlayn dələduzluq piramidası olan “Zuerx” platformasına
qarşı əməliyyat keçirib.
DİN-dən Trend-ə verilən
məlumata görə, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki
tədbirlərlə qeyd edilən piramidanı idarə edən şəxslər 32 yaşlı Əli
Qarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xosiyev müəyyən
edilərək saxlanılıblar.
Araşdırmalarla məlub olub ki, onlar “Whatsapp” və digər ani
mesajlaşma şəbəkələrində yaratdıqları qruplara üzv olan 400
nəfərdən artıq şəxsə “Zuerx” piramidasına kriptovalyuta formasında
yatırımlar etməklə böyük məbləğlərdə gəlir qazanacaqlarına dair
yalan vədlər veriblər. Saxlanılan şəxslər insanlarda inam yaratmaq
və platformaya yeni üzvlər cəlb etmək məqsədilə zərərçəkənlərin
hesablarına bir neçə dəfə kriptovalyuta formasında simvolik
məbləğlərdə ödənişlər də köçürüblər.
Şirnikləndirici təkliflərə aldanan şəxslər isə daha çox gəlir
əldə etmək niyyətilə həmin dələduzluq piramidasına böyük
məbləğlərdə pul vəsaiti göndəriblər. Sonda isə zərərçəkənlərin
külli miqdarda pulunu ələ keçirən dəstə üzvləri “Zuerx”
piramidasının fəaliyyətini dayandırıblar.
Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
Sonda bir daha vətəndaşlara onlayn platformalarda qarşılaşa
biləcəkləri və heç bir iqtisadi əsaslara söykənməyən piramida
dələduzluq sxemlərinə, həmçinin kriptoyatırım adı altında yüksək
faizli gəlir təklif edən tətbiqlərə inanmamağı tövsiyyə edirik.


