Sahib Məmmədov: Həmkarlar İttifaqı mədəniyyət, incəsənət və digər sahələrə töhfələr verib

Baş səhifə

Həmkarlar İttifaqı mədəniyyət, incəsənət, kitabxana, muzey, teatr, media və digər sahələrə töhfələr verib.

“Report” xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konferedasiyasının sədri Sahib Məmmədov deyib.

O bildirib ki, ölkənin ictimai və sosial həyatında xüsusi yer tutan Həmkarlar İttifaqı mədəniyyət, incəsənət, kitabxana, muzey, teatr, media və digər sahələrə töhfələr verib:

“Bu 120 illik tarixi yol zəhmətin, fədakarlığın və həmrəyliyin harmoniyası kimi qiymətləndirilə bilər. Qeyd etmək lazımdır ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev digər sahələrlə yanaşı, mədəniyyət və media sahəsinin inkişafına da xüsusi diqqət yetirir. Cənab Prezidentin rəhbərliyi ilə bu sahələrdə çalışanların əməyinin qiymətləndirilməsi, sosial təminatının yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Elə bu sahələrdə çalışan həmkarlarımıza orden və medalların təqdim edilməsi də dövlət başçısının diqqət və qayğısının bariz ifadəsidir”.

O deyib ki, 1-ci vitse-prezident, Mehriban Əliyevanın mədəni irsin qorunması və dünya miqyasında tanıdılması istiqamətində gördüyü işlər xüsusi qeyd olunmalıdır:

“Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı layihələr milli mədəniyyətimizin inkişafına, muzey və mədəniyyət ocaqlarının bərpasına, teatr və musiqi sənətinə dəstəyi ilə yüksək qiymətləndirilir. Milli mədəniyyətimizin, xüsusilə də muğam sənətimizin beynəlxalq arenada təbliği üçün Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən layihələr bu sahənin inkişafına mühüm töhfə verir”.

Sahib Məmmədov deyib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bu proseslərdə fəal iştirak edir:

“Konfederasiyada həyata keçirilən genişmiqyaslı islahatlar və yeniliklər üzvlərimizin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına xidmət etməklə yanaşı, mədəniyyət və media sahələrinə də həmkar qayğısını əhatə edir. Bu fəaliyyət çərçivəsində Konfederasiya dövlət qurumları və media subyektləri ilə sıx əməkdaşlıq formalaşdırıb. Birgə layihələr, mütəmadi görüşlər və koordinasiyalı fəaliyyət nəticəsində üzvlərdən daxil olan müraciətlər operativ və sistemli şəkildə cavablandırılır. Əməkdaşlığımız həm üzvlərin sosial rifahının yaxşılaşdırılmasına, həm də peşəkar inkişafının dəstəklənməsinə əlavə imkanlar yaradır”.

MƏLUMAT YENİLƏNİR