“Ramiz Mehdiyev” işində Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli oldu (FOTO)

Baş səhifə

Məlum olduğu kimi, Ramiz Mehdiyevin dövlət hakimiyyətinin zorakı
yolla ələ keçirilməsinə yönələn əməlləri ilə bağlı cinayət işi
gedişində müxtəlif şəxslər, o cümlədən Əli Kərimli istintaqa cəlb
olunub.

Hazırda cinayət işi üzrə müxtəlif şəxslərin dindirildiyi
bəllidir.

Sorğulanmalardan məlum olur ki, ssenarisi Rusiyada yazılmış əsas
şübhəli sövdələşmələr məhz 2012-2013-cü illərdə başlayıb.

Ramiz Mehdiyevin yaxın dostu, Azərbaycana qarşı fəaliyyəti
dəfələrlə ifşa olunsa belə, müdafiə etdiyi Abbas Abbasov 2012-ci
ildə Rusiyada hamının “Milyarderlər İttifaqı” kimi tanıdığı “Rusiya
Azərbaycan Təşkilatları İttifaqı”nı yaradır. İBRUS şirkətinin
sahibi Rüstəm İbrahimbəyov isə (İB – İbrahimbəyov, RUS-Rustam)
Abbas Abbasovla birgə “Milyarderlər İttifaqı”nın Koordinasiya
Şurasının üzvü olur.

Bundan dərhal sonra, Rüstəm İbrahimbəyov missiyası üzrə Əli
Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəylini başına yığıb
“Milyarderlər İttifaqı”nın kapitalı ətrafında “Milli Şura”
yaradır.

Əli Kərimli isə tənəzzül etmiş AXCP-ni (həyatının növbəti ciddi
səhvini edərək) Rusiyada yaşayan Rüstəm İbrahimbəyovun yaratdığı
“Milli Şura”nın alətinə çevirir.

Hamıya məlum olan bu hadisələrin daha dərin dəlilləri isə
şokedici telefon danışıqları üzə çıxdıqdan sonra araşdırılan Ramiz
Mehdiyevin evindən çıxıb.

Məsələnin bir maraqlı tərəfi də odur ki, qeyd olunan kapital
sonrakı illərdə də AXCP adından Əli Kərimlinin öz evinə axıb, bir
qismi iğtişaşlara cəlb olunan şəxslərə təklif olunub və sair.

Xeyli vaxtdır çoxlarının diqqətini çəkirdi ki, Əli Kərimlinin
fasiləsiz mitinqləri məhz Ramiz Mehdiyevin vəzifədən getməsi ilə
eyni vaxtda tarixə qovuşub.

Daha əvvəl mətbuatda yayılan məlumata əsasən, DTX-nin AXCP sədri
Əli Kərimlinin evində apardığı axtarış zamanı evdən “Milyarderlər
İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən
yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair
sənədlər tapılıb.

DTX-nin faktlarla təsdiqlənməyən qeyri-ciddi söhbətlərə baş
qoşmadığı məlumdur.

Araşdırmalar zamanı o fakt da tam təsdiqini tapıb ki, Əli
Kərimlidən geri qalmaq istəməyən Gültəkin Hacıbəyli də öz “haqqı”nı
əldə etməyi bacarıb. Məsələn, Bakıda və Goranboyda daşınmaz
əmlaklar formasında.

Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi
olduğu, sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə
qanuni təmsilçisi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Bakı
şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251A nömrəli 15
mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə 2 müasir mənzil
hədiyyə edilib (və təbii ki təmir olunmuş vəziyyətdə).

Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis
Hacıyevin adındadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m
sahəsi olan 183 nömrəli mənzildən gedir. G.Hacıbəyli sözügedən
mənzili hazırda yüksək məbləğə kirayə verib. Bəs G.Hacıbəylinin
aylıq vəsaitləri haralardan gələcəkmiş ki?!

Həmin binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi
“xidmətlərinə” görə, “boz kardinal” tərəfindən bağışlanan digər
mənzil isə Gültəkinin bacısı Aytən Hacıyevanın adına
rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan, 4 otaqlı mənzildə isə
G.Hacıbəyli özü tək yaşayır.

Oxucularımıza nə qədər təəccüblü olsa da, qeyd olunanlar nə
Ramiz Mehdiyev və ailəsi, nə də Gültəkin Hacıbəyli və ailəsi
tərəfindən təkzib olunmur.