
Bakı. Trend:
Qırğızıstan Prezidenti Sadir Japarov bu gün ölkədə keçirilən
erkən parlament seçkilərində səs verib.
Trend-in
məlumatına görə, bu barədə Qırğızıstan Prezidentinin mətbuat
xidməti məlumat yayıb.
Səsvermədən sonra Japarov hazırkı seçki kampaniyasının yeni
şəffaflıq standartlarına uyğun təşkil olunduğunu vurğulayıb. O
bildirib ki, səhər saatlarında seçki məntəqəsinə gələrək səs verib
və prosesin tam avtomatlaşdırılması sayəsində prosedur cəmi bir
neçə dəqiqə çəkib.
“İnsan amili aradan qaldırılıb. Əvvəllər bülletenlər əl ilə
daşınır, əlavə nüsxələr qalır və namizədlər manipulyasiya oluna
bilərdi. Artıq belə deyil – hər şey kompüterləşdirilib”, – deyə
prezident qeyd edib.
Japarov ötən illərdə yaşanan siyasi böhranları xatırladaraq,
rəqəmsal seçki mexanizmlərinə keçidin vacibliyini vurğulayıb.
“Hamının bildiyi kimi, respublikada prezident və ya parlament
seçkiləri ilə bağlı üç çevriliş baş verib”, – deyə o əlavə
edib.
Prezident məsafədən səsvermə imkanının da fəallığı artıracağını
bildirib və vətəndaşları seçkilərdə aktiv iştirak etməyə çağırıb.
Bununla yanaşı, o, səslərin alqı-satqısının hələ də aktual problem
olaraq qaldığını etiraf edib.


