
Bakı. Trend:
Azərbaycanın səhnə əsərləri, Türkmənistanın teatrlarında dünya
xalqları arasında sülh və dostluq münasibətlərinə həsr olunan
xarici klassik tamaşalar həftəsində nümayiş olunacaq.
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən
Trend-ə verilən məlumata əsasən,
Türkmənistanın daimi tərəfsizliyinin 30 illik ildönümü münasibətilə
6-12 dekabr 2025-ci il tarixlərində ölkədə keçiriləcək mədəniyyət
həftəsi çərçivəsində görkəmli Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin yaradıcılığından nümunələr də təqdim olunacaq.
Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə və bütün
dünyada bu il doğumunun 140 illiyi qeyd olunan Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında səhnələşdirilmiş eyniadlı tamaşa
Aşqabadda Böyük Saparmurad Türkmənbaşı adına Baş Dram Teatrında
türkmən dilində nümayiş etdiriləcək. Tamaşa eyni zamanda, ingilis
və rus dillərinə sinxron tərcümə olunacaq.
Qeyd edək ki, Üzeyir Hacıbəylinin əsərləri Türkmənistanın mədəni
həyatında mühüm yer tutur. “Ər və arvad”la yanaşı, bəstəkarın ölməz
əsəri “Arşın mal alan” operettası da Aşqabadda müxtəlif teatr
səhnələrində daim tamaşaçıların rəğbətini qazanır və həm yerli, həm
də xarici izləyicilər tərəfindən yüksək qiymətləndirilir.
Həmçinin, həftə çərçivəsində Aşqabadın A.S.Puşkin adına Rus Dram
Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası ənənəvi
olaraq nümayiş olunacaq.
Tamaşa həftəsi ərzində Türkmənistan tamaşaçıları və xarici
qonaqlar teatr səhnələrində Azərbaycan, qırğız, gürcü, amerika,
rus, italyan və fransız dramaturqlarının əsərlərini izləmək imkanı
əldə edəcəklər.


