
Bakı. Trend:
Şanlı Zəfərimizin 5 illiyi münasibətilə Qətərin paytaxtı Doha
şəhərində həmin ölkədə yaşayan Azərbaycan icması ilə görüş
keçirilib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
dəstəyi ilə baş tutan görüşdə Azərbaycan icmasının üzvləri, Vətən
müharibəsi şəhidi Fuad Məmmədovun ailəsi, bu ölkədə yaşayan Vətən
müharibəsi qazisi Maqsum Həsənov iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin
səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi ilə başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev
görüş iştirakçılarına komitə sədri Fuad Muradovun salamlarını və
tarixi Zəfərimizin beşilliyi münasibətilə təbriklərini çatdırıb. O,
komitənin fəaliyyəti, həyata keçirdiyi layihələr barədə geniş
məlumat verib. Azərbaycan diasporunun dünyanın harasında
yaşamasından asılı olmayaraq, milli maraqlarımıza xidmət etdiyini,
ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadığını
vurğulayıb. Vətən müharibəsi zamanı dünya azərbaycanlılarının
həmrəylik nümayiş etdirdiyini xatırladıb. Bu kontekstdə Qətərdəki
Azərbaycan icmasının da fəaliyyətinin xüsusi önəm daşıdığını
bildirib.
Azərbaycan Respublikasının Qətərdəki Səfirliyinin müşaviri
Eldəniz Musayev çıxış edərək Qarabağ Zəfərinin Azərbaycan xalqının
tarixinə qızıl hərflərlə yazıldığını söyləyib. O, Qətərdə yaşayan
Azərbaycan icmasının birliyinin qarşılıqlı etimad, dostluq və ortaq
maraqlara əsaslandığını deyib.
Vətən müharibəsi şəhidi Fuad Məmmədovun anası Mətanət Məmmədova
çıxışında dövlətin diqqət və qayğısını hər zaman hiss etdiklərini,
bunun şəhid ailələri üçün böyük mənəvi dəstək olduğunu və onların
əziz xatirələrinin daim uca tutulmasından məmnunluğunu dilə
gətirib.
Tədbir çərçivəsində Zəfərimizin 5 illiyinə həsr edilən, eyni
zamanda Prezident İlham Əliyevin Azərbaycan diasporu haqqında
fikirlərinin yer aldığı videoçarx nümayiş olunub.
İcma üzvləri, həmçinin sosial, mədəni və maarifləndirici
fəaliyyətlə bağlı suallar səsləndirib, qarşılaşdıqları məsələlər,
gələcək planlar və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi
aparıblar. Azərbaycan diasporunun Qətərdə daha da fəallaşması,
gənclərin birliyə cəlb olunması, milli kimliyin qorunması və digər
istiqamətlərdə görüləcək işlər müzakirə edilib.
Görüş iştirakçıları icmanın bir araya gəlməsinin vacibliyini
vurğulayaraq belə tədbirlərin davamlı təşkilinin zəruriliyini
nəzərə çatdırıblar.


