
Bakı. Trend:
Heydər Əliyev Beynəlxalq Aeroportu aviasiya sənayesinə maraq
göstərən gənclərin inkişafını dəstəkləmək məqsədilə ADA Məktəbinin
10-11-ci sinif şagirdləri üçün “Future of Aviation with AI”
(“Aviasiyanın gələcəyi süni intellektlə”) adlı xüsusi aviasiya
sessiyası təşkil edib. Proqram hava limanı əməliyyatlarına dair
praktiki tanışlıq turu və süni intellektin aviasiyada tətbiqinə
yönəlmiş interaktiv tədris modulundan ibarət olub.
Trend xəbər verir ki, tədbirin əsas məqsədi şagirdləri müasir
aviasiya ekosistemi ilə yaxından tanış etmək, real əməliyyat
proseslərini nümayiş etdirmək və süni intellektin aviasiyanın
gələcək inkişafına gətirdiyi innovativ transformasiyaları izah
etməkdir.
Sessiyanın ilk mərhələsində şagirdlər hava limanının əsas
funksional zonaları – qeydiyyat məntəqələri, təhlükəsizlik
nəzarəti, uçuşların idarə edilməsi mərkəzi, sərnişin xidmətləri və
texniki əməliyyat sahələri ilə tanış olublar. Aeroportun əməliyyat
komandası real iş şəraitində infrastruktur idarəçiliyi,
əməliyyatların koordinasiyası, təhlükəsizlik protokolları və
fasiləsiz uçuş axınının təmin edilməsi proseslərini nümayiş
etdirib.
Tədbirin ikinci hissəsi aviasiya sənayesində süni intellekt
texnologiyalarının artan roluna həsr olunub. Şagirdlər süni
intellekt texnologiyalarının aşağıdakı sahələrdə yaratdığı
üstünlükləri müzakirə ediblər:
- uçuşların idarə edilməsində sürətli və dəqiq qərarvermə
dəstəyi; - sərnişin təcrübəsinin fərdiləşdirilməsi və xidmətlərin
optimallaşdırılması; - əməliyyat səmərəliliyi və təhlükəsizliyin yüksəldilməsi;
- enerji səmərəliliyi ilə ekoloji dayanıqlılığın
gücləndirilməsi; - gələcəyin aviasiya peşələrinin formalaşması və tələb olunan
yeni kompetensiyalar.
Sessiyanın sonunda komandalar “Süni intellekt aviasiyanın
gələcəyini necə dəyişə bilər?” mövzusu üzrə yaradıcı konsepsiyalar
hazırlayaraq təqdim ediblər.
Bu proqram Heydər Əliyev Beynəlxalq Aeroportunun
ictimaiyyətləəlaqələr, gənclərin inkişafı və aviasiya
savadlılığının artırılması üzrə uzunmüddətli strategiyasının əsas
istiqamətlərindən biridir. Təşəbbüs aviasiya sənayesi ilə təhsil
sektoru arasında əməkdaşlığı gücləndirir və şagirdlərin
texnologiya, innovasiya və hava nəqliyyatının gələcək
perspektivləri barədə biliklərini genişləndirir.


