Trend-in Türkiyə xəbər agentlikləri ilə əməkdaşlıq modeli TDT-də dezinformasiya ilə mübarizə mexanizminin qurulmasında örnək olmalıdır – Alptekin Cihangir İşbilir

Baş səhifə

Bakı. Trend:

Türkiyə və Azərbaycan xəbər agentlikləri arasında əlaqələr hər
ötən gün daha da inkişaf edir. Bu məsələlərdə Trend Beynəlxalq
İnformasiya Agentliyinin çox önəmli bir payı var.

Trend xəbər
verir ki, bunu bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin
mətbuat müşaviri Alptekin Cihangir İşbilir Türk Dövlətləri
Təşkilatının Media Forumu çərçivəsində baş tutan “Rəqəmsal media
mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları”
mövzusuna həsr olunan ikinci panel sessiyada çıxışı zamanı
deyib.

Alptekin Cihangir İşbilir xatırladıb ki, Trend Beynəlxalq
İnformasiya Agentliyi həm “Albayrak” Media Qrupu, həm “Demirören”
İnformasiya Agentliyi ilə çox güclü əməkdaşlıq mexanizmi həyata
keçirir və ortaq istehsal həyata keçirir:

“Biz Trend Beynəlxalq İnformasiya Agentliyinin xəbərlərini,
“Azernews” qəzetini, “TurkicWorld” platformasını çox yaxından
izləyirik. Bu əməkdaşlığın daha yüksək səviyyələrdə inkişaf
etdirilməsi üçün Türkiyənin Azərbaycandakı səfirliyi olaraq
üzərimizə düşəni etməyə çalışırıq”.

Mətbuat müşaviri bildirib ki, Trend-in “TurkicWorld” layihəsi
Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin bütün media
orqanları üçün çox gözəl modeldir:

“Bu model ilk növbədə həm analoq, həm də rəqəmsal mediada tətbiq
edilməli, örnək alınmalıdır. Trend-in ərsəyə gətirdiyi bu
əməkdaşlıq modeli bütün türk ölkələrinin xəbər agentlikləri üçün də
bu istiqamətdə müxtəlif layihələrin keçirilməsində baza rolunu
oynaya bilər”.

A.C.İşbilir vurğulayıb ki, Trend-lə “Albayrak”, “Demirören” və
digər agentliklərin əməkdaşlıq modeli sadəcə Azərbaycan və Türkiyə
çərçivəsində əhatələnməməlidir:

“Bu, eyni zamanda digər türk dövlətlərində də tətbiq
edilməlidir. Türk dövlətlərinin digər agentlikləri ilə də eyni
səviyyədə bağlantılar qurulmalıdır.

Mən bu modeldən örnək götürüləcəyini düşünürəm. Bu, Türk
Dövlətləri Təşkilatının vahid media agentliyi kimi dezinformasiya
ilə mübarizə mexanizminin qurulmasında da örnək olmalıdır”.

O, sonda Trend Beynəlxalq İnformasiya Agentliyini həm türk
dünyasına göstərdiyi xidmətlər, həm də Azərbaycan-Türkiyə media
əlaqələrinin inkişafına verdiyi faydalara görə təbrik edib.