Bakı. Trend:
Ağ Evin yaxınlığında atəş açaraq Milli Qvardiyanın iki
hərbçisini yaralayan şəxsin 2025-ci ildə ABŞ-dən sığınacaq aldığı
məlum olub.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
ABŞ mediasının məlumatına görə, şübhəli şəxs sığınacaq üçün
ərizəni 2024-cü ildə təqdim edib və o, 2025-ci ilin aprelində
təsdiqlənib.
Bundan əvvəl ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem
əslən əfqanıstandan olan şübhəli şəxsin 2021-ci ildə ABŞ
qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra ABŞ-yə gəldiyini
bildirmişdi. O, Amerika ilə əməkdaşlıq edən əfqan müttəfiqlərin
qəbulu proqramı çərçivəsində sığınacaq alıb.
Qeyd edək ki, şübhəli noyabrın 26-da Vaşinqtonun mərkəzində,
admiral Devid Farraqutun adını daşıyan meydanın yaxınlığında Milli
Qvardiya hərbçilərinə atəş açıb. Hadisə yeri Ağ Evdən təxminən 300
metr aralıda yerləşir.
Baş verən atışmada iki qvardiyaçı və hücum edən şəxs
yaralanıb.

