
Bakı. Trend:
25 noyabrda Bakıda “AZCON Holding” şirkətlərindən olan
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədri Rövşən Rüstəmov, “Rusiya
Dəmir Yolları” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri Oleq
Belozyorov və İran İslam Respublikası Dəmir Yollarının rəhbəri
Cabbar Əli Zakeri arasında üçtərəfli görüş baş tutub.
Trend xəbər verir ki, bu
barədə ADY məlumat yayıb.
Bildirilir ki, görüşdə nəqliyyat-logistika sahəsində
əməkdaşlığın perspektivləri, xüsusilə hər üç ölkənin ərazisindən
keçən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tranzit
imkanlarının genişləndirilməsi və bu istiqamətdə atıla biləcək
müvafiq addımlar müzakirə edilib.
Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsində görülən
işlər barədə məlumat verilib. Qeyd olunub ki, Sumqayıt–Yalama dəmir
yolu xəttinin yenidən qurulması işləri ilin sonunadək başa
çatdırılacaq. Həmçinin ADY tərəfindən İran ərazisində Astara
Terminalının inşası davam etdirilir, terminalın tikintisi 2026-cı
ilin 1-ci rübündə tamamlanacaq.
Tərəflər “Şimal-Cənub dəhlizinin qərb marşrutu üzrə
rəqabətqabiliyyətli birbaşa tariflərin formalaşdırılması və
logistik xidmətlərin inkişafı barədə Memorandum”u imzalayıblar.
Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks
tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların təşkilini və
daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur. Bu
mexanizmlərin həyata keçirilməsi Azərbaycan, Rusiya və İran
arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən
səmərəli logistika zəncirinin qurulmasına imkan verəcək.
Memorandum Azərbaycan, Rusiya və İranın beynəlxalq nəqliyyat
dəhlizlərində etibarlı iştirakçı kimi mövqelərinin
gücləndirilməsini və regionda tranzit axınlarının davamlı artması
üçün əlverişli şəraiti təmin edəcək.


