
Ermənistanda yanğınlarla bağlı vəziyyəti nəzarət altındadır və digər ölkələrdən kömək istəmək məsələsi müzakirə olunmur.
APA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.
Hazırda təxminən 700 mütəxəssis, polis əməkdaşı, yerli sakin və digər vətəndaşlar Tavuş bölgəsində 4 yanğın ocağında yanğınsöndürmə işləri ilə məşğuldur.
Bundan əlavə, Müdafiə Nazirliyinin helikopteri də yanğınların söndürülməsi işlərinə cəlb olunub.
***
11:09
Ermənistanda Qegarkunik bölgəsində başlayan genişmiqyaslı yanğın Tavuş istiqamətinə yayılıb və artıq Dilican Milli Parkına çatıb.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Ermənistan DİN-in məlumatına görə, Çəmbərək–Ttuducur ərazisində iki ocaq söndürülüb, digərləri lokallaşdırılıb.
Bununla yanaşı, “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan yanğının Dilican parkına çataraq Semenovka icmasına yaxınlaşdığını və küləyin vəziyyəti ağırlaşdırdığını bildirib. O, əhaliyə birgə mübarizə üçün çağırış edib.
Bildirilir ki, 669 yanğınsöndürən, ekopatrulun 215 əməkdaşı və yerli sakinlər Dilican ətrafında otlaqları əhatə edən yanğının söndürülməsinə cəlb olunub.
Dilicanın icra başçısı David Sarkisyan yanğının xilasedicilər və könüllülərin iştirakı ilə söndürüldüyünü deyib. Səhər saatlarında əlavə qüvvələrin cəlb ediləcəyi açıqlanıb.
Dilican meşələrindəki yanğını söndürmək üçün Ermənistan Hərbi Hava Qüvvələrinin bir neçə helikopteri cəlb olunub.


