
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il
tarixli 287 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan
Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”na uyğun olaraq
dövlət qurumlarında rəqəmsal inkişaf proseslərinin monitorinqi və
qiymətləndirilməsi üçün əsas fəaliyyət göstəriciləri sistemlərinin,
rəqəmsallaşma diaqnostikasının və sürətləndirilmiş rəqəmsallaşdırma
ssenarilərinin hazırlanması məqsədi ilə Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyində (KTN)
rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılıb.
RİNN-dən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş
diaqnostikanın nəticələri rəqəmsal inkişaf və nəqliyyat nazirinin
müavini Samir Məmmədov və kənd təsərrüfatı nazirinin müavini İlhamə
Qədimovanın iştirakı ilə keçirilmiş görüşdə təqdim edilib.
Diaqnostika strategiya, xidmətlər, texniki-texnoloji
infrastruktur və əməliyyat modelləri olmaqla dörd əsas istiqaməti
əhatə edib.
Diaqnostika nəticələrinə əsasən, KTN-də rəqəmsallaşma
təşəbbüslərini əhatə edən strategiya sənədilərinin hazırlandığı və
vahid strateji çərçivə kimi rəsmiləşdirildiyi, eləcə də nazirlikdə
rəqəmsallaşma sahəsində ümumi məlumatlılıq və mədəniyyət
formalaşdırıldığı bildirilir.
Aparılan qiymətləndirmə nəticələrinə görə prioritet xidmətlərin
rəqəmsallaşdırılması təmin edilib və digər xidmətlərin
rəqəmsallaşdırılması prosesi davam etdirilir. Nazirlik tərəfindən
təqdim edilən rəqəmsal xidmətlərin təxminən 90%-i Elektron Hökumət
İnformasiya Sisteminə inteqrasiya olunub, xidmətlərin 70–80%-i isə
“Yonca” mobil tətbiqi vasitəsilə vətəndaşlara təqdim olunur.
Texniki-texnoloji sahədə qiymətləndirmə göstərib ki, nazirliyin
əsas informasiya sistemi kimi Elektron Kənd Təsərrüfatı Sistemi
(EKTİS) fəaliyyət göstərir və digər informasiya sistemlərinin
EKTİS-in altsistemi qismində vahid arxitekturaya inteqrasiyası üzrə
işlərə başlanılıb. EKTİS və süni intellekt pilot layihələri
çərçivəsində məlumat əsaslı qərarvermə prosesi təşkil edilib. Süni
intellekt və analitik imkanlar üzrə tədbirlər planı hazırlanıb və
müxtəlif tətbiqlər (Bitki növləri xəritəsi, Torpaq xəritəsi, Bitki
sağlamlığına nəzarət, Bitki məhsuldarlığının proqnozu) pilot
mərhələsindədir. Nazirlik tərəfindən açıq məlumatlar “Agro Data” və
Açıq Məlumatlar portalı vasitəsilə ictimaiyyətə təqdim olunur.
Bununla yanaşı, informasiya ehtiyat və sistemlərinin “Hökumət
Buludu”na tam şəkildə keçidi ilə bağlı planlaşdırma və hazırlıq
işləri davam edir.
Əməliyyat sahəsində aparılan qiymətləndirmə zamanı müəyyən
edilib ki, KTN əməkdaşlarının rəqəmsallaşma sahəsində bilik və
bacarıqlarının artırılması məqsədilə təlimat sənədləri ilə təmin
olunur. Eyni zamanda, rəqəmsal xidmətlərin və informasiya
sistemlərinin formalaşdırılmasından əvvəl zəruri hüquqi prosedurlar
təmin olunur.
Görüş çərçivəsində 2025–2027-ci illəri əhatə edən 3 illik
“Rəqəmsallaşma üzrə Yol Xəritəsi” təsdiqlənib. Yol Xəritəsi kənd
təsərrüfatı sektorunda rəqəmsal dayanıqlılığın təmin edilməsinə,
süni intellekt layihələrinin genişləndirilməsinə, mövcud rəqəmsal
xidmətlərin təkmilləşdirilməsinə, fermerlərin rəqəmsal xidmətlərə
çıxış imkanlarının artırılmasına, rəqəmsallaşma üzrə peşəkar
komandanın formalaşdırılmasına və müasir texnologiyalara əsaslanan
informasiya sistemlərinin inkişafına xidmət edəcək.


