
Bakı. Trend:
Qış mövsümünə hazırlıqla bağlı paytaxt rayonlarında təsdiq
edilmiş tədbirlər planlarına uyğun mövsümə və xüsusilə qarlı
havalara hazırlıq tədbirləri başa çatıb. Hazırda şəhərin və rayon
kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə
gətirilib, əlavə tədbirlər görülüb.
Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat
Xidmətindən məlumat verilib.
Bildirilib ki, görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər
İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin
edilib.
Paytaxtda qarlı havalara hazırlıq tədbirlərinin vəziyyəti
məsələləri sonuncu olaraq Bakı şəhərinin Suraxanı, Səbail və Nəsimi
rayonlarında müzakirə edilib. Müşavirələrdə Bakı Şəhər İcra
Hakimiyyətinin məsul şəxsləri, rayon rəhbərliyi,
kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərləri,
həmçinin özəl sektorun nümayəndələri də iştirak ediblər.
Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.
Qeyd olunub ki, rayonlardakı hər bir təşkilat mövsümə hazırlıq
tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və
yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi
üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə
kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə
və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara
alınıb.
Eyni zamanda həm də ictimai iaşə müəssisələrinin, özəl
qurumların rəhbərlərinə və ictimaiyyət nümayəndələrinə özlərinə aid
ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış
edilib.

