Tokayev Prezident İlham Əliyevə Ermənistana tanzit yükdaşımalarına qoyulan məhdudiyyətin aradan qaldırılması qərarına görə təşəkkür edib

Baş səhifə

Astana. Trend:

Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev Ermənistana tanzit
yükdaşımalarına qoyulan məhdudiyyətin aradan qaldırılması qərarına
görə Prezident İlham Əliyevə təşəkkür edib.

Trend Qazaxıstan
prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə
Tokayev Ermənistan baş naziri Nikol Paşinyanla keçirdiyi görüşün
yekunlarına dair KİV nümayəndələrinə danışıb.

“Azərbaycan liderinə sanksiyaların ləğvi və ölkəsinin ərazisi
vasitəsilə birbaşa ikitərəfli ticarət üçün şərait yaradılması
barədə qərar verdiyinə görə minnətdarlığımı bildirirəm. Belə ki,
cari ilin noyabr ayında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 1
min ton həcmində Qazaxıstan buğdasının ilk partiyası çatdırılıb. Bu
təşəbbüs xüsusi siyasi və iqtisadi əhəmiyyət kəsb edir”,- deyə
Tokayev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan Ermənistana yüksək keyfiyyətli
taxıl məhsulları və digər malları müntəzəm əsasda tədarük etməyə
hazırdır.

“Bu istiqamətin daha da inkişafı üçün bütün zəruri səyləri
göstərməyə razılaşdıq”, – dövlət başçısı qeyd edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 21 oktyabr
tarixində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə
mətbuata bəyanatında Azərbaycan işğal dövründən mövcud olan
Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan
qaldırdığını bildirmişdi.