
Bakı. Trend:
Lerik rayonunda indiyə kimi mənzil növbəsində duran 102 nəfər
şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin
edilib. Hazırda rayonda 282 nəfər həssas təbəqədən olan vətəndaş
mənzil növbəsindədir. Rayonda bu təbəqədən olan vətəndaşlar üçün
sonuncu ev 2019-cu ildə tikilib.
Trend xəbər
verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsinin üzvü Vasif Qafarov parlamentin bugünkü plenar iclasında
“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”
qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
(ƏƏSMN) həssas təbəqədən olan vətəndaşlar üçün fərdi ev və ya
çoxmənzilli bina tikmək işini dayandırıb. Nazirlik bu məqsədlə
yalnız hazır evlərin satın alınmasını həyata keçirir.
“Təmsil etdiyim Lerik və Astara rayonlarının kəndlərində də
satışda olan hazır evlər yoxdur ki, Nazirlik onları alıb həmin
vətəndaşlara təqdim etsin. Nazirlik kvadrat hesabı ilə mənzil
alacaq deyə, sahibkarlar bu məqsədlə çoxmənzilli bina tikməkdə də
maraqlı deyillər.
Buna görə də təklif edirəm ki, həssas təbəqədən olan
vətəndaşları mənzillə təmin etmək üçün Nazirlik tərəfindən
çoxmənzilli binalar və fərdi evlərin tikintisi həyata keçirilsin.
Və ya şəhid ailələri və müharibə əlillərinə mənzil vermək üçün
nəzərdə tutulan vəsait bu kateqoriyadan olan insanların özlərinə
verilsin. Vətəndaş özü öz evini tiksin və ya harada istəyirsə,
özünə mənzil alsın. Bununla da bu məsələ həll edilmiş olsun”, –
deyə V. Qafarov vurğulayıb.


