Yenidən qurulan Ağdam şəhəri doğma sakinlərini gözləyir – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev 31 iyul 2023-cü il tarixli «Azərbaycan
Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 20
noyabr – Ağdam Şəhəri Günüdür. Ermənistanın hərbi təcavüzü
nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli torpaqlarımız
44 günlük İkinci Qarabağ müharibəsində hərbi-siyasi yolla işğaldan
azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə
qızıl hərflərlə yazıldı. Rəşadətli ordumuzun əsgər və zabitlərinin
canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan,
Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz
qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri,
Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir
neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi,
həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm
strateji yüksəkliklər hərbi yolla işğaldan azad edildi. Qarabağın
tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya
aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.
Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi
müstəvidə də öz təsdiqini tapdı. Ermənistan Ağdam, Kəlbəcər və
Laçın rayonlarını Azərbaycana qaytarmaq məcburiyyətində qaldı və
bununla da tarixi ədalət bərpa olundu.

Bu gün işğaldan azad edilmiş ərazilərimiz, o cümlədən Ağdam
şəhəri erməni vəhşiliklərinin dünya ictimaiyyətinə təqdimatıdır. Bu
ərazilərdə 30 illik işğal dövrünün dağıntılarını hazırda
genişmiqyaslı bərpa-quruculuq işləri əvəz edir. Bu torpaqlarda olan
xarici qonaqlar törədilən dağıntılardan heyrətlərini gizləmirlər.
Qeyd edək ki, 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqazın
Xirosiması” adlandırmış, 2010-cu ildə isə Əl-Cəzirənin internet
nəşri Ağdamı “Ruhlar şəhəri” siyahısına daxil etdi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasında
bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Şəhər Günləri, eyni
zamanda, bu ərazilərimizin işğal tarixlərini da unutmamağa,
ermənilərin törətdikləri vəhşilikləri indiki və gələcək nəsillərə
çatdırmağa bir çağırış edir. Ermənistanın hərbu təcavüza zamanı
Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində
bu rayonun ərazisinin 73 faizinin işğalı ilə başa çatdı. Ərazisi
1094 kv.km olan rayonun Ağdam şəhəri ilə birgə 90 kəndi işğal
olundu. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını
yaşamağa məcbur oldu. İşğaldan azad edilmiş Ağdam erməni
vandalizmin şahididir. Ermənistan digər ərazilərimizdə olduğu kimi
Ağdamda da mədəni və dini abidərimizi vandalizmə məruz qoymuş,
qarət etmişdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, beş il bundan öncə Ağdama yeni
nəfəs gəldi. 2020-ci ilin noyabrında Prezident, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva Ağdam şəhərində oldular. Dövlət başçısının Ağdamda
Azərbaycanın üçrəngli Bayrağını qaldırması haqq işinin zəfər
çalması kimi milyonlarla soydaşımızın qəlbində son dərəcə böyük
qürur və sevinc hissi yaratdı. Prezident İlham Əliyevin həmin səfər
çərçivəsində Ağdamda söylədiyi “Dağılmış Ağdam şəhəri erməni
vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün
kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu,
böyük iş olacaqdır. Əlbəttə ki, böyük zəhmət tələb edəcək. Amma
necə ki, biz 44 gün ərzində birlik göstərmişik, əminəm ki, azad
edilmiş torpaqlarımızın bərpası işində də birlik, əzmkarlıq
göstərəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, daha da gözəl
şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan tarixi abidələri bərpa
edəcəyik və bir daha gücümüzü göstərəcəyik” fikirlər bu gün artıq
mərhələ-mərhələ reallığa çevrilir. Tarixi Zəfərimizdən dərhal sonra
azad edilən Ağdamda böyük tikinti və quruculuq işlərinə başlanıldı.
Ötən beş ildə Ağdam şəhərində bir sıra mühüm infrastruktur
layihələri icra olunub. Ağdamın Baş planı aparıcı beynəlxalq
şirkətlər tərəfindən hazırlanıb. Azərbaycan Respubilkası Nazirlər
Kabinetinin 2022-ci il 16 avqust tarixli Qərarı ilə “Ağdam
şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edildi.
Ağdam şəhərinin Baş planı bütün işğaldan azad edilmiş rayonlar
arasında ilk olaraq təsdiqlənmişdir. Perspektivdə Ağdam azad
edilmiş ərazilərin ən böyük, Azərbaycanın isə dördüncü böyük
şəhərinə çevriləcək. Burada 100 min nəfər əhalinin yaşayacağı
palanlaşdırılır. Şanlı Qələbə nəticəsində bu günlər işğaldan azad
edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti
quruculq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni,
müasir Ağdam qurulur. Böyük Qayıdış Proqramı çərçivəsində Ağdam
şəhəri və kəndləri yenidən tikilir, infrastrtuktur layihələri icra
olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır,
yaşıllqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan
təmizlənir.




Millət vəkili qeyd edib ki, Ağdamın Baş planı əsasında işlər
uğurla davam etdirilir. Şəhərin özündə 5 məhəllənin inşası nəzərdə
tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri başlayıb.
Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri
aparılacaq. Hazırda rayonun 3 kəndində – Kəngərli, Xıdırlı,
Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Həmin kəndlərin
birinci mərhələlərinin açılışı olmuşdur. Ağdam rayonunda digər
kəndlər üzrə layihələndirmə işləri aparılır. 2025-ci ilin oktyabr
ayına qədər Ağdamın yenidən məskunlaşdırılması proqramı
çərçivəsində 825 ailə, 3318 nəfər öz doğma torpaqlarına
köçürülüb.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu rayonda iqtisadiyyatın, yerli
istehsalın inkişafı məqsədilə icra olunan layihələrdən biri Ağdam
Sənaye Parkıdır. Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli
Fərmanına əsasən, yaradılan sənaye parkı 190 hektar ərazini əhatə
edir. Parkın yaradılmasında məqsəd işğaldan azad edilən ərazilərin
dirçəldilməsi, Qarabağın sənaye potensialının reallaşdırılması,
sahibkarlığın dəstəklənməsi, əhalinin istehsal sahəsində
məşğulluğunun artırılmasıdır. Ağdam Sənaye Parkı rezident sayına
görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye
parkıdır. Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət
göstərir, 5-dən çox müəssisənin tikintisi isə davam etdirilir.

Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham
Əliyevin indiyədək Ağdam rayonuna reallaşdırdığı səfərlərin hər
biri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin
keçirilməsi ilə yadda qalıb. Bunun üçün təkcə cari ildə görülən
işlərin miqyasına diqqət yetirmək kifayətdir. Prezident İlham
Əliyev bu ilin ötən dövründə Ağdama 5 dəfə səfər edib. Həmin
səfərlər çərçivəsində bu il açılışı olan Ağdam Muğam Mərkəzini
xüsusi qeyd etmək istərdik. Mərkəz Qarabağ bölgəsində qədim muğam
sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və
təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol
oynayacaq. Qeyd etdiyimiz kimi, bu gün Ağdamda görülən işlərin
miqyası genişdir. Bu məqamı da xüsusi qeyd etmək istərdik ki, bu
gün azad edilmiş ərazilərimizin bərpası Azərbaycanın müasir
şəhərsalma təcrübəsini dünyaya təqdim edir. Bu baxımdan Ağdam
şəhərinin ilk Azərbaycan Milli Şəhərsalma Forumuna ev sahibliyini
xüsusi qeyd etmək istərdik. Forum şəhərsalma sahəsində dünyanın
müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin
bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlığın
genişləndirilməsi baxımından nadir və uğurlu platforma oldu.

Milli Məclisin deputatı bildirib ki, Ağdamda keçmiş məcburi
köçkünlərin tezliklə öz ata-baba yurdlarına qayıtması üçün
ölkəmizin bütün potensialı səfərbər olunub. Ağdam şəhəri
sakinlərinin yolunu gözləyir. Yeni salınan kəndlər, ölkəmizin ən
böyük sənaye mərkəzlərindən birinə çevriləcək şəhərdə aparılan
quruculuq işləri deməyə əsas verir ki, Ağdamın öz sakinlərinə
qovuşacağı gün uzaqda deyil.