
Bakı. Trend:
Pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini
bitirmiş 9,9 min nəfərdən çox gənc mütəxəssisin kənd məktəblərində
işə cəlb olunması üçün yol xərci, əmlakın daşınması üçün nəqliyyat
xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədilə birdəfəlik
ödənilmək üçün 2,1 milyon manat nəzərdə tutulub.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar
İsgəndərov parlamentin bugünkü plenar iclasında “Azərbaycan
Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun
layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, pedaqoji təhsilli gənclərin kəndlərə
getməsi üçün təkcə təbliğat kifayət etmir, diqqəti cəlb edən
güzəştlərə ehtiyac var.
“Hər il dağlıq rayonlarında şagirdlərin sayı azalır. Ailələr
müxtəlif səbəblərdən kəndləri tərk edir. Bununla bağlı köklü
qərarların qəbul edilməsinə ehtiyac var. Pedaqoji təhsilli
gənclərin kənd rayonlarına göndərilməsinə mane olan səbəblər aradan
qaldırılmalıdır”, – deyə A.İsgəndərov qeyd edib.


