Britaniyanın müdafiə naziri Rusiyanın casus gəmisinin ölkə sularına yaxınlaşdığını bildirib

Baş səhifə

Bakı. Trend:

Rusiyanın “Yantar” casus gəmisi Şotlandiyanın şimalında,
Britaniya dövlət sularının yaxınlığında kəşfiyyat fəaliyyəti
aparır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con
Hili parlamentdə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, “Yantar” gəmisində olan şəxsi heyət
fəaliyyətlərini havadan izləyən Britaniyanın kəşfiyyət təyyarəsinin
işinə əngəl olmaq məqsədilə pilotlara lazer tuşlayır.




Müdafiə naziri “Yantar”ın cənuba doğru hərəkəti davam etdirəcəyi
təqdirdə lazımı tədbirlər görməyə hazır olduqlarını vurğulayıb.

“Bu, Rusiya donanmasının bir hissəsidir. Bu, sadəcə olaraq dəniz
əməliyyatı deyil, Rusiyanın Dərin Dəniz Tədqiqatları Baş İdarəsi
adlandırdığı qurum tərəfindən idarə olunan proqramın tərkib
hissəsidir. Həmin proqramın məqsədi sülh dövründə müşahidə aparmaq,
münaqişə zamanı isə diversiya həyata keçirməkdir”,-deyə nazir
bildirib.