
Bakı. Trend:
Humanitar əməkdaşlıq Türk Dövlətləri Təşkilatında (TDT)
qarşılıqlı fəaliyyətin prioritet istiqamətlərindən biridir və bunu
Bakıda keçirilən türk dövlətlərinin Qızıl Aypara və Qırmızı Xaç
Şəbəkəsi rəhbərlərinin sayca ikinci iclası da təsdiqləyir.
Trend xəbər verir
ki, bunu bu gün Bakıda keçirilən TDT Qızıl Aypara Şəbəkəsi
rəhbərlərinin iclası çərçivəsində TDT baş katibi Kurbanıçbek
Ömüralıyev jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, TDT çərçivəsində əməkdaşlıq xarici siyasət,
iqtisadiyyat, ticarət, idman və gənclər, kənd təsərrüfatı və
texnologiyalar da daxil olmaqla 45-dən çox istiqaməti əhatə etsə
də, humanitar sahə əsas istiqamətlərdən birini təşkil edir.
Baş katib həmçinin qeyd edib ki, humanitar sahədə işlər
fövqəladə hallar nazirlikləri xətti ilə həyata keçirilir.
“Ötən il Bişkekdə dövlət başçıları tərəfindən vətəndaş müdafiəsi
üzrə əsas sahəvi sənəd qəbul olunub və imzalanıb. Bu saziş artıq
ratifikasiya edilib və tezliklə qüvvəyə minəcək. Qırmızı Xaç və
Qızıl Aypara xətti ilə şəbəkənin yaradılması da bu istiqamətdə
əməkdaşlığımızın davamıdır”, – deyə Ömüralıyev fikrini
yekunlaşdırıb.


