
Bakı. Trend:
Azərbaycanla əməkdaşlıq uzunmüddətli dostluq və açıq bankçılıq
istiqamətində imkanlar yaradır.
Bunu Trend-ə bu
gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumu çərçivəsində
Gürcüstan Banklar Assosiasiyasının Açıq Bankçılıq layihəsinin
CEO-su Mixeil Kapanadze müsahibəsində deyib.
O, Gürcüstan və Azərbaycan bank sektoru arasında əməkdaşlıq
perspektivlərindən danışıb: “Biz Azərbaycan Banklar Assosiasiyası
ilə çox fəal əməkdaşlıq edirik. Bu, yalnız əməkdaşlıq deyil,
uzunmüddətli dostluq əlaqəsidir. Onların bütün təşəbbüslərində
dəstək oluruq və bu dəstəyi gələcəkdə də davam etdirəcəyik. Biz
açığıq və onların təkliflərini dinləməyə hər zaman hazırıq.
Bu sahədə əməkdaşlıq yalnız mümkün deyil, həm də arzuolunandır.
Yanaşmalar və məlumatlar tərəflər arasında paylaşılır, məsələn,
müəyyən problemlərin necə həll olunduğu barədə təcrübə mübadiləsi
aparılır. Bu, çox vacibdir və biz bunu davam etdirəcəyik”.
O, iki ölkə arasında yeni investisiya layihələri və maliyyə
bazarında imkanlar haqqında isə bunları qeyd edib: “Gürcüstanda da
Azərbaycanla eyni prinsiplərlə əməkdaşlıq edirik. Bu ölkədə
fəaliyyət göstərən banklar Gürcüstan Banklar Assosiasiyasının
üzvləridir və onlar digər banklarla eyni imkanlara malikdirlər.
Yəni, bütün investisiyalar qarşılanır və əlbəttə, bu sahədə yeni
imkanların yaranması üçün fürsətlər açıqdır”.
M. Kapanadze bank sektorunda yeni texnoloji həllərin qarşılıqlı
əməkdaşlıq imkanları ilə bağlı bildirib ki, Gürcüstam Banklar
Assosiasiyası ümumilikdə açıq infrastruktur istiqamətində hərəkət
edirik: “Bu, onilliklər ərzində bağlı olan bəzi sistemlərin artıq
açıq olacağı deməkdir. Açıq bankçılıq bu prosesin ilk addımıdır.
Ənənəvi olaraq bağlı olan bu ekosistemin bir hissəsi artıq açılır.
Gələcəkdə, bu açılışın hansı sürətlə və hansı həcmdə baş verəcəyini
görəcəyik.
İstehlakçı perspektivindən isə məqsəd odur ki, bir çox məlumat
və xidmətləri eyni yerdə, rahat formada əldə etmək mümkün olsun.
Eyni zamanda şəxsi məlumatların qorunmasına diqqət edilməli və
düzgün balans tapılmalıdır”.


