Paytaxtda sıxılmış qaz daşıyan yük avtomobili qəzaya uğradı: prospektdə böyük tıxac yaratdı

Baş səhifə

Bakı. Trend:

Səhər saat 05 radələrində sıxılmış qaz (LPG) daşıyan yük
avtomobili idarəetməni itirərək yol ayrıcında yerləşən maneələrə
çırpılıb. İlkin ehtimallara görə, qəza sürücünün nəqliyyat
vasitəsinə nəzarəti itirməsi səbəbindən baş verib.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual
İdarəetmə Mərkəzi məlumat yayıb.

Hadisə nəticəsində yaranan potensial yanğın və partlayış
risklərinin qarşısının alınması məqsədilə ərazi polis və digər
aidiyyəti qurumlar tərəfindən dərhal nəzarətə götürülüb,
təhlükəsizlik tədbirləri görülüb.




Qəza səbəbindən Binəqədi rayonu, Moskva prospektində – tunelə
giriş hissədə, Sumqayıt istiqamətində nəqliyyat vasitələrinin
hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Ərazidə hərəkətin
təhlükəsiz bərpa olunması üçün DYP əməkdaşları tərəfindən zəruri
tədbirlər görülüb.

Faktla bağlı araşdırma aparılır.

“Diqqətə çatdırırıq ki, yük avtomobillərinin sürücüləri xüsusilə
təhlükəli yüklərin daşınması zamanı sürət rejiminə ciddi riayət
etməli, uzun məsafələrdə istirahət fasilələrinə əməl etməlidir.
Sürücülər nəzərə almalıdır ki, bir anlıq ehtiyatsızlıq həm özünü,
həm digər hərəkət iştirakçılarını, həm də ətraf mühit üçün ciddi
təhlükə yarada bilər”, – məlumatda qeyd olunub