Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb (FOTO)

Baş səhifə

Zəngilan. Trend:

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən Zəngilan rayonunun
Məmmədbəyli kəndinə növbəti köç prosesi gerçəkləşib, səhər
saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşub.

Trend xəbər verir ki,
Məmmədbəyli kəndi bu gün 30 ailə olmaqla, 143 nəfərə qucaq açıb.
Kəndə qədəm qoyan sakinlər sevinc göz yaşları ilə öz doğma
yurdlarına qovuşublar.




Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
Əliyevaya təşəkkür ediblər. Sakinlər, həmçinin torpaqlarımızı
işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və
zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından
keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, Məmmədbəyli kəndinin ümumi sahəsi 51,6 hektardır.
Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç,
55-i dörd, 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi
nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb,
onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin
olunub. Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2
qeyri-yaşayış binası da inşa edilib. Köçürülən ailələrin evlərdə
məskunlaşması üçün bütün şərait yaradılıb.