Bakı. Trend:
Misir parlamenti ölkəyə giriş vizası xərclərini artıracaq qanun
layihəsinə düzəlişləri əvvəlcədən təsdiqləyib.
Trend-in “Egypt
Today”yə istinadən verdiyi məlumata görə, sənəd sərhəd keçid
məntəqələrində və xarici konsulluqlarda verilən hər bir giriş və
tranzit vizası üçün 20 dollara qədər əlavə rüsum tətbiq olunmasını
nəzərdə tutur. Qanun qəbul edildikdə, Misirə giriş vizasının
qiyməti hazırkı 25 dollardan təxminən 45 dollara qədər yüksələ
bilər.
Viza qiymətləri sonuncu dəfə 2014-cü ildə tək girişli vizanın
qiyməti 15 dollardan 25 dollara qaldırıldıqda yenilənmişdi. 2017-ci
ildə çoxgirişli vizanın qiyməti 35 dollardan 60 dollara, beş illik
çoxgirişli viza isə 700 dollara çatdırılmışdır.
Misir Turizm Palataları Federasiyası Baş nazir Mustafa Madbuli
və Turizm naziri Şerif Fəthiyə müraciət edərək qanun layihəsinin
ləğv olunmasını tələb edib.
Nəşr qeyd edir ki, düzəlişin məqsədi dövlətə əlavə maliyyə yükü
yaratmadan Misirin xaricdəki diplomatik nümayəndəliklərinin
binalarının və torpaqlarının inkişafı və modernləşdirilməsini
dəstəkləməkdir.

