
Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndə
heyəti Cənubi Koreyanın paytaxtı Seulda keçirilən QS Sammitində
iştirak edib.
Universiteti tədbirdə elm və innovasiya məsələləri üzrə
prorektor, dosent Nigar Aslanova və strateji planlaşdırma şöbəsinin
müdiri Qənirə Məmmədzadə təmsil ediblər.
Beynəlxalq reytinq sistemi Quacquarelli Symonds (QS) tərəfindən
təşkil olunan bu nüfuzlu sammit Asiya regionunun aparıcı
universitetlərinin rəhbərlərini, tədqiqatçılarını və təhsil
ekspertlərini bir araya gətirib. Tədbirin əsas məqsədi ali təhsildə
innovasiya, dayanıqlı inkişaf, rəqəmsal transformasiya və qlobal
əməkdaşlıq sahələrində yeni tendensiyaların müzakirəsi olub.
Sammit çərçivəsində keçirilən panel və müzakirələrdə
iştirakçılar ali təhsil sistemində keyfiyyətin artırılması, elmi
fəaliyyətin beynəlmiləlləşdirilməsi və universitetlərin cəmiyyətə
təsirinin gücləndirilməsi kimi mühüm mövzular ətrafında fikir
mübadiləsi aparıblar.
Çıxışı zamanı prorektor Nigar Aslanova AzMİU-da elm və
innovasiya istiqamətində həyata keçirilən islahatlar, beynəlxalq
layihələrdə iştirak, eləcə də dayanıqlı inkişaf prinsiplərinin
tədris və tədqiqat proseslərinə inteqrasiyası barədə məlumat verib.
O, universitetin bu istiqamətdə atdığı addımların qlobal akademik
məkana inteqrasiya baxımından əhəmiyyətini vurğulayıb.
Qənirə Məmmədzadə isə AzMİU-nun strateji inkişaf istiqamətləri,
beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi və ali təhsildə
keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi sahəsində həyata
keçirilən tədbirlər barədə təqdimatla çıxış edib.
Sammit çərçivəsində AzMİU nümayəndələri müxtəlif ölkələrin ali
təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirib, gələcək
əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanlarını
müzakirə ediblər.
Seulda keçirilən QS Sammitində iştirak AzMİU-nun beynəlxalq
elmi-təhsil məkanında mövqeyinin daha da möhkəmlənməsinə və qlobal
tərəfdaşlıq şəbəkəsinin genişlənməsinə mühüm töhfə verir.


