
Bakı. Trend:
“Microsoft” süni intellekt (AI) infrastrukturunu genişləndirmək
məqsədilə Portuqaliyaya 10 milyard dollar investisiya qoymağı
planlaşdırır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu “Microsoft”un prezidenti Bred Smit
Lissabonda keçirilən “Web Summit” zirvə toplantısında bildirib.
Onun sözlərinə görə, sözügedən investisiya Portuqaliyanı
Avropada süni intellekt “qiqafabriklərinin” quraşdırılması
sahəsində liderə çevirəcək.
Texnologiya nəhənginin rəhbəri bəyan edib ki, maliyyə vəsaiti
Sines şəhərində məlumat mərkəzi qovşağının yaradılmasına
yönəldiləcək.
Bundan əvvəl, oktyabr ayında “Microsoft” və “Nscale” şirkətləri
Sinesdə yerləşən Start Campus binasının ilk icarəçiləri
olacaqlarını və Sines Data Mərkəzində 12.600 ədəd ən müasir Nvidia
qrafik prosessor kartı quraşdırmağı planlaşdırdıqlarını
açıqlamışdılar.

