Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi
2025-ci ilin hazırlıq planına uyğun olaraq, noyabrın 9-da
Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri
keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, hərbi orkestrlərin müşayiəti
ilə döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına
gətirildikdən sonra tədbirlər açıq elan olunub.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, həmçinin
Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib.

Təntənəli surətdə hərbi andı qəbul edən gənc əsgərlər Vətənə
sadiq olacaqlarına söz veriblər.

Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri
çıxış edərək gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik edib,
onlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq
olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini
dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini,
komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında
yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır
olmalarını tövsiyə ediblər. Andiçmə mərasiminin 9 Noyabr – Dövlət
Bayrağı Gününə təsadüf etməsinin şəxsi heyət üçün xüsusilə dəyərli
və yaddaqalan olması, bu günün şəxsi heyət üçün ikiqat bayram
olması vurğulanıb.

Çıxış edən gənc əsgərlərin valideynləri övladlarının Vətən
qarşısında şərəflə xidmət etmələrindən qürur duyduqlarını və
yaradılan şəraitə görə dövlət başçısına, həmçinin Müdafiə
Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra hərbi qulluqçular təntənəli marşlarla tribunaların
önündən keçiblər.

Sonda şəxsi heyət üçün andiçmə mərasimi və 9 Noyabr – Dövlət
Bayrağı Günü ilə əlaqədar konsert proqramları təşkil edilib.