Milli qürurumuz, kimliyimiz olan üçrəngli Bayrağımız – Vüqar Rəhimzadə

Baş səhifə

Bakı. Trend:

Zəfər Günümüzün davamı olaraq Dövlət Bayrağı Gününü böyük
qürurla qeyd edirik. Beş il bundan öncə Dövlət Bayrağı Günündə,
noyabrın 9-dan 10-a keçən gecə Azərbaycanın hərbi-siyasi
Qələbəsinin, Ermənistanın biabırçı kapitulyasiyasının təsdiqi olan
üçtərəfli Bəyanatın imzalanması ilə ərazi bütövlüyümüzün bərpa
edilməsinin sevincini yaşadıq. Müzəffər Ali Baş Komandan İlham
Əliyev Dövlət Bayrağı Günündən bir gün əvvəl, 8 noyabr tarixində
Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa
çatdırdı. Qələbəmizə şahidlik edən Azərbaycan Bayrağı 44 gün davam
edən İkinci Qarabağ müharibəsinin hər günündə azad edilmiş şəhər və
kəndlərimizdə ucaldıldı. Milli qürurumuz, kimliyimiz olan üçrəngli
Bayrağımız sevincli günlərimizin bələdçisi, Zəfərlərimizin
müjdəçisidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin şanlı Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş
ərazilərimizə ilk səfərləri də Azərbaycan Bayrağının ucaldılması
ilə tarixə yazıldı.

Son beş ilin reallıqları dövlət başçısı İlham Əliyevin 2018-ci
ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə
keçirilən təntənəli hərbi paradda səsləndirdiyi bu fikirləri yada
salmağı bir tələbə çevirir: “Gün gələcək və bu gün işğal altındakı
torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan
bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda
göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq.” Çünki həmin paradda 2016-cı ilin Aprel
döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında işğalçılardan azad
edilmiş torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq
meydanında nümayiş etdirilmişdi. Məhz bu bayraqlar hərbçilərimizi
daha da irəli apardı, tariximizə Zəfər səhifəsini yazmalarına
stimul oldu. 2020-ci ilin 10 dekabr tarixində keçirilən Zəfər
paradında 44 günlük İkinci Qarabağ müharibəsində işğaldan azad
edilmiş torpaqlarımızda ucaldılan Azərbaycan Bayrağı Azadlıq
meydanında nümayiş etdirildi. O zaman Müzəffər Ali Baş Komandan
böyük qürurla bildirdi ki, Azadlıq meydanında paradlar çox
keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır.
Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda
qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu
gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz
bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, 9 noyabr Azərbaycan
dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur. Prezident İlham
Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il
noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Azərbaycan dövlətinin suverenliyinin rəmzi olan bayrağımız ilk dəfə
1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti
Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib, iclasın
keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası
üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna
malik olub. Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl
prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə
etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç
təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq”
düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy
Hüseynzadədir.

Vüqar Rəhimzadə onu da vurğulayıb ki, Azərbaycan Xalq
Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisində xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən
sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq
təsdiq edilmişdir. Ümummilli Lider Heydər Əliyev bu mühüm addımı
beə səciyyələndirmişdir ki, 1990-cı il noyabrın 17-də biz burada,
Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim
sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli Bayrağını
qaldırdıq.

Millət vəkili bildirib ki, hər bir dövlətin, millətin varlığını
təsdiqləyən bayraqlar ululardan miras qalan müqəddəs əmanətdir. Elə
bir dövlət himni yoxdur ki, orada həmin ölkənin bayrağının adı
çəkilməsin. Azərbaycanın Dövlət Himnində də ölkə vətəndaşlarına
üçrəngli Bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq amalı
arzulanır. Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın
borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə
əsasən hər bir vətəndaş Azərbaycanın dövlət rəmzlərinə – bayrağına,
gerbinə və himninə hörmət etməlidir. Dövlət rəmzlərinə
hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur. Döv­lət Bay­ra­ğımız­ Azər­bay­can
və­tən­daş­la­rı­nın mil­li həm­rəy­li­yi­nin, va­hid məf­ku­rə
ət­ra­fın­da sıx bir­ləş­mə­si­nin baş­lı­ca amil­lə­rin­dən
bi­ridir. Bayraq milli identikliyin təzahür formalarından biridir.
Ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının,
mövcudluğunun sübutu, müstəqil dövlətə sahib çıxmaq bacarığının
əsas göstəricisidir.

Vüqar Rəhimzadə Prezident İlham Əliyevin 17 noyabr 2007-ci il
tarixli “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət
bayrağı meydanının yaradılması haqqında” Sərəncamını da xüsusi qeyd
edib. Bildirib ki, bu Sərəncam Dövlət Bayrağının dövlət rəmzləri
sırasında xüsusi yerini müəyyən edir. Meydanın açılışı 2010-cu ilin
sentyabrın 1-də keçirildi. Dövlət Bayrağının təntənəli açılış
mərasimində Prezident İlham Əliyev bildirdi ki, bu Bayraq Meydanı
Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə
çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm
meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim Bayrağımız
qürur mənbəyimizdir. Bizim Bayrağımız canımızdır, ürəyimizdir. Bu
gün Azərbaycanın hər bir yerində dövlət Bayrağı dalğalanır.
Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət
Bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda
qaldırılacaqdır.

Tarixi Zəfərimizdən öncə bütün bayramlarda səsləndirilən ən
böyük arzu, istək Qarabağımızın işğaldan azad edilməsi,
soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Son beş ildə
bayramlarımız böyük sevinc və qürur hissi ilə qeyd edilməklə
yanaşı, arzularımız, hədəflərimiz də dəyişib. Artıq azad
Qarabağımızın və Şərqi Zəngəzurumuzun dirçəlməsindən,
soydaşlarımızın Böyük Qayıdışından bəhs edirik. Hər bir uğurumuza
şahidlik edən üçrəngli Bayrağımızın altında sıx birləşən bütün
dünya azərbaycanlıları bu hədəfin yüksək səviyyədə reallığa
çevrilməsinə öz töhfələrini verməyə səy göstərirlər. Artıq azad
edilmiş torpaqlarımızda Azərbaycan Bayrağının şahidliyi ilə
keçirilən iqtisadi, siyasi, humanitar, beynəlxalq tədbirlər
Qələbəmizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqların
dünyaya təqdimatıdır. Bu torpaqların sahibi kimi qurub-yaradır,
Qarabağı və Şərqi Zəngəzuru cənnət məkana çeviririk.

Milli Məclisin deputatı vurğulayıb ki, Dövlət Bayrağı Meydanında
Dövlət Bayrağı Muzeyi də yaradılıb və 2010-cu il noyabrın 9-da onun
açılışı oldu. Muzeyin fəaliyyəti dövründə burada Azərbaycanın
Dövlət Bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan
xanlıqların, dövlətlərin bayraqları əyani nümayiş etdirilir və
gələn qonaqlara ətraflı məlumatlar verilir. Bundan başqa, muzeydə
Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən
eksponatlar nümayiş etdirilir. Bayraq Meydanı 2024-cü ilin noyabrın
8-də yenidən açıldı və Prezident İlham Əliyev Azərbaycan Bayrağını
qaldırdı. 2024-cü ilin noyabr ayından dünyanın ən böyük bayrağı bu
Meydanda dalğalanır. Təmir-bərpa işlərindən sonra yeni tərtibatda
fəaliyyətə başlayan Dövlət Bayrağı Muzeyində 44 günlük Vətən
müharibəsinə həsr olunan “Zəfər qalereyası” adlı ekspozisiya
nümayiş olunur. Qalereyada Müzəffər Ali Baş Komandan, Prezident
İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət
Bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki
Qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları
sərgilənir. Dövlət Bayrağı Muzeyindəki monitorlarda ölkəmizin qədim
və orta əsrlər, Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR
dövrünə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik
tarixindəki xidmətlərinə, Prezident İlham Əliyevin ordu
quruculuğuna və Ali Baş Komandanlığı ilə Vətən müharibəsindəki
tarixi Qələbəyə həsr edilən videolar nümayiş olunur. Atılan hər bir
addım hər birimizin qürur duyduğumuz güclü, qüdrətli, müasir,
müstəqil, qalib Azərbaycanın təqdimatına, siyasi mövqeyinin daha da
möhkəmlənməsinə, həqiqətlərimizin təbliğinə xidmət edir.

Vüqar Rəhimzadə bildirib ki, müstəqil, nüfuzlu, qüdrətli
Azərbaycan dövləti dünya birliyində özünə layiqli yer tutub.
Azərbaycanın Dövlət Bayrağı bütün beynəlxalq təşkilatların
iqamətgahları qarşısında, müstəqil Azərbaycanın başı üstündə
dalğalanır və daim dalğalanacaqdır. Qalibiyyət rəmzi olan üçrəngli
bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması
qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın
əyani təcəssümüdür. Ümummilli Lider Heydər Əliyevin “Biz öz
himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim
vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və
məhəbbətin rəmzidir” fikirlərinin davamı olaraq dövlət başçısı,
Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, Bayrağımız
eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur
mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa
etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin
simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik
rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin
yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi
dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş
etdirir.