
Şəklin mənbəyi, AFP via Getty Images
- Müəllif, Redaksiya
- Vəzifə, BBC News Azərbaycanca
İkinci Qarabağ müharibəsinə qədər sosial-iqtisadi problemlər və demokratik dəyişikliklər tələbi Qarabağ münasişəsinə görə arxa plana atılırdı.
“Qarabağ boyda dərdimiz var”. Bu ifadə o vaxtlar rəhbər şəxslər tərəfindən tez-tez səsləndirilən arqument idi.
2020-ci ildə Azərbaycan İkinci Qarabağ müharibəsində nəinki qalib gəldi, üç il sonra apardığı bir günlük hərbi əməiyyatlarla bütün Qarabağda öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.
Bununla da 30 ildən artıq davam edən münaqişə sona çatdı.
Bəs, Qarabağı qaytaran qalib xalqın indi hansı dərdləri var? Qarabağ müharibəsində qalibiyyət Azərbaycana nə verdi? Sosial-iqtisadi problemlərin həlli, insan haqlarının daha yaxşı qorunması yönümündə vəziyyət necə dəyişib?
BBC Azərbaycanca bir neçə sahə üzrə vəziyyəti təhlil edib.
Mənəvi yüksəliş
2020-ci il noyabrın 9-da Prezident İlham Əliyev Şuşanın azad edildiyini elan etdi. Bu xəbər ölkədə bayram əhval-ruhiyyəsi yaratdı – insanlar küçələrdə bir-birini təbrik edir, sevinclərini bölüşürdü.
Azərbaycanda hər kəs razılaşır ki, son Qarabağ müharibəsində qalibiyyət insanlarda mənəvi yüksəliş, daha yaxşı gələcəyə inam yaratdı. Bu, 30 il əvvəlki acı məğlubiyyətdən sonra yaşanan qürur hissiydi.
Jurnalist Mehman Əliyev Qarabağ münaqişəsini “müstəqil Azərbaycanın 1 nömrəli problemi” adlandırır və xatırladır ki, bu məsələ üç siyasi hakimiyyəti devirib.
Onun fikrincə, problemin həlli ilə yalnız hakimiyyət deyil, xalq da qazandı – artıq bu məsələ üzərindən siyasi manipulyasiya mümkün deyil, Mehman Əliyev deyir.
İnsan haqları

Ölkə müstəqillik qazanandan bəri heç vaxt eyni vaxtda bu qədər media təmsilçisi həbsxanaya salınmayıb.
Azərbaycan hökumətinin tələbi əsasında bəzi xarici medianın Azərbaycandakı nümayəndəliyi və ya təmsilçisi fəaliyyətini dayandırıb, ya da akkreditasiyası ləğv edilib.
Eyni zamanda hüquq müdafiəçiləri, QHT təmsilçiləri həbs olunub.
BMT-nin bəzi nümayəndəlikləri, Qızıl Xaç kimi beynəlxalq təşkilatlar hökumətin istəyi əsasında ölkəni tərk edib və hakimiyyəti sərt tənqid edən müxalif siyasi rəqiblər isə ya həbsə atılıb, ya da fəaliyyətsiz hala gətirilib.
ABŞ Dövlət Departamentinin son hesabatında Azərbaycanda insan haqlarının “onsuz da pis olan vəziyyətinin dəyişmədiyini” yazılıb, jurnalistlərə qarşı təzyiq və böhtanların, eləcə də siyasi tənqidçilərə qarşı represiyaların davam etdiyi vurğulanıb.
Hakimiyyət tənqidçiləri ölkədə azadlıqların getdikcə daraldığını deyirlər. Bəziləri üçün bu, Rusiya-Ukrayna savaşının yaratdığı geosiyasi vəziyyətin nəticəsidir.
“Azərbaycan kimi kiçik avtoritar ölkələrə öz siyasətlərində daha sərt idaerətmə imkanı yaradıb”, – müxalif Milli Şuranın üzvü Gültəkin Hacıbəyli deyir.
Azərbaycan hakimiyyəti bu ittihamları qəbul etmir, ölkədə azadlıqların qorunduğunu bildirir və həbslərin konkret cinayət əməllərinə görə aparıldığını bəyan edir.
Hakimiyyətin siyasətini müdafiə edən deputat Zahid Oruc ölkədə bəzi siyasi azadlıqların məhdudlaşdırılmasını etiraf edir, amma bunu milli maraqların tələbi ilə əsaslandırır.
O əlavə edir ki, hakimiyyət bu azadıqlara geniş imkan versəydi, “regional destruktiv qüvvələr”in ölkədə fəaliyyəti güclənə və hətta regionda “güc sahibi” ola bilərdi.
Amma deputat onu da əlavə edir ki, Qarabağ münaqişəsinin timsalında Azərbaycan xalqının 2-3 əsrlik problemini həll edən bir hakimiyyət üçün “məhəlli hüquqları” təmin etməkdə heç bir çətinlik yoxdur.
“Bir sıra məcburi tədbirlər hakimiyyətin qorunması üçün deyil, ölkəmizin, qələbəmizin, “Böyük Qayıdış”ın qorunması naminədir”, – deyə o vəd edir ki, geosiyasi vəziyyət dəyişdikcə, hüquq və azadlıqların tətbiqi genişlənəcək.
Sosial – iqtisadi vəziyyət
İkinci Qarabağ müharibəsinin başlamasının 5-ci ilinin tamamında ictimai nəqliyyatda qiymətlərin bahalaşması xəbəri gəldi. Bu, yeganə baş verən bahalaşma deyil.
Son 5 ildə ictimai nəqliyyatda qiymətlər bir neçə dəfə artırılıb: xidmət keyfiyyətinin artırılması – əsas arqumentlərdən biri budur. Amma hələ də insanlar ictimai nəqliyyatın keyfiyyəti ilə qürurlana bilmirlər.
Amma problem təkcə qiyməti tez-tez qalxan, amma keyfiyyəti yaxşılaşmayan ictimai nəqliyyat deyil, ərzaq məhsullarında da bahalaşma müşahidə olunur.
Dollara nisbətdə manatın kursu sabitliyini saxlasa da, inflasiya manatın alıcılıq qabiliyyətini zəiflədib.
Minimum pensiya, minimum əməkhaqqı hər il artsa da, bazarda qiymətlər onun müqabilində daha çox artır.
Hökumət paytaxtın regionlara nisbətdə daha çox inkişafını etiraf etsə də, hələ də paytaxt-əyalət arasında inkişaf tarazlığına nail ola bilməyib: bölgələrdə yaşayan insanlar iş arxasınca yenə də paytaxta üz tuturlar.
Hakimiyyət tənqidçilərinə görə, işsizlik getdikcə artır, işləyən əhalinin əksəriyyəti minimum maaş alır, ədalətli iqtisadi rəqabət yoxdur.
Mehman Əliyevə görə, iqtisadi sahədə əngəllər elə hakimiyyətin özündən gəlir, çünki ədalətli iqtisadi rəqabətlilik insanlarda “sərbəst vəsaitlər yarada, onlara təzyiq mexanizmi azala bilər, bu da hakimiyyətə problem yaradar”.
Amma hökumət belə tənqidləri qəbul etmir.
Bu yaxınlarda Prezident İlham Əliyev BMT tribunasından bildirib ki, yoxsulluq və işsizlik 5 faizə endirilib, o cümlədən, “iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, islahatlar və şəffaflıq vasitəsilə investisiya mühitinin yaxşılaşdırılmasına diqqət yetirməklə mühüm iqtisadi artıma nail olub”.
Parlamentin üzvü Zahid Oruc isə deyir ki, xalq “dəmir yumruğ”un onun qolları, əlləri ilə, gücü ilə formalaşdığını bilir və ona görə də hakimiyyət təmsilçilərinə çağırışları artıb. “Bunu mütləq ödəmək lazımdır”, – parlamentin üzvü Zahid Oruc deyir.
Geosiyasi vəziyyət

Şəklin mənbəyi, Andrew Harnik/Getty Images
İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən biri, etibarlı enerji tərəfdaşı olmaq Azərbaycan hakimiyyətinin hədəflərindən birinə çevrilib.
Prezident İlham Əliyev elə bu günlərdə bildirib ki, Azərbaycan Orta Dəhliz vasitəsilə Asiya və Avropanı birləşdirmədə mühüm rol oynayır.
Bakı ümid edir ki, Trump marşrutu da beynəlxalq nəqliyyat marşrutuna çevriləcək.
Ukrayna müharibəsindən sonra dəyişən geosiyasi vəziyyət də Azərbaycanın regional nüfuzuna təsir edib: insan haqları ilə bağlı problemlər yaşaması onun Avropanın qaz tərəfdaşına çevrilməsinə əngəl olmayıb.
Ərəb və Mərkəzi Asiya ölkələri ilə sıx təmaslar quran, Çin, ABŞ və Qərb dövlətləri ilə ikitərəfli münasibətlərini inkişaf etdirən Bakı həm türkdilli, həm islam ölkələri, həm də Avropa dövlətlərinin birliklərində təmsil olunur, Şanxay, BRİCS kimi Rusiya və Çin mərkəzli təşkilatlarda təmsilçiliyə can atır, həm də Avropa İttifaqı ilə münasibətlərini aktiv saxlamağa çalışır, COP kimi nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir, Avropa Siyasi Birliyinin zirvə toplantılarına qatılır.
Avropa Şurasının Parlament Assambleyası ilə yaranmış böhran (Azərbaycan nümayəndə heyəti insan haqları məsələsinə görə mandatı təsdiqlənmədiyi üçün qurumda fəaliyyətini dondurub) hələlik aradan qaldırılmasa da, Azərbaycan bu təşkilatla da bağlarını qoparmayıb.
Son bir ildə Ermənistanla sülh yolunda daha qətiyyətli olduğunu nümayiş etdirməklə, Azərbaycan Cənubi Qafqazda sülhün, regional təhlükəsizliyin qarantına çevrilmək istəyini də gizlətmir.
Hərçənd, bəzi siyasi təhlilçilərə görə, təxminən son bir ildə Rusiya ilə münasibətlərin pisləşməsi Azərbaycanı Ermənistanla sülh yolunda daha sürətli irəliləməyə vadar edib.
“Azərbaycanın Rusiyadan tədricən uzaqlaşması, onunla məsafə saxlaması çox önəmlidir, müsbət hadisədir. Eyni zamanda, Türkiyə ilə də müttəfiqlik Azərbaycanın xarici siyasətinin uğurlu istiqamətlərindən biridir”, – Gültəkin Hacıbəyli deyir.
Qarabağda quruculuq və məcburi köçkünlərin qayıdışı

Şəklin mənbəyi, president.az
İşğaldan azad edilmiş ərazilərdə yeni şəhər və kəndlər, hava limanları, yollar salınır. Xankəndidə açılan Qarabağ Universiteti ikinci ildir ki, yeni tələbələrini qarşılayıb.
Şuşa isə artıq beynəlxalq tədbirlərə ev sahibliyi edir və həm də turizm mərkəzinə çevrilir.
Yerli media indiyə kimi təxminən 10 min məcburu köçkünün geri qayıtdığını yazır, amma sosial mediada səslənən iddialara görə, bəziləri işsizlik və məşğuliyyətsizlik səbəbi ilə evinin qapısına qıfıl vurub geri qayıdır.
Qarabağdakı tikinti işləri də tez-tez tənqid hədəfi olur: bəzi yerlərdə evlərin keyfiyyətsiz tikildiyi iddia olunur və ya əkin-biçinlə məşğul olmaq üçün torpaq sahələri olmadığı deyilir.
Bəzilərinə görə, işğaldan əvvəlki ev-eşikləri, həyət-bacaları daha böyük olsa da, indi onlara daha kiçik ərazi təklif olunur.
Müstəqil mediada Qarabağda torpaqların işlədilməsinin hakimiyyətə yaxın şirkətlərə verilməsi iddiaları səslənib.
Hakimiyyət belə iddiaları rədd edir. Əksinə, yerli və xarici sahibkarları işğaldan azad edilmiş ərazilərdə yeni iş yerləri yaratmağa təşviq etmək üçün vergi və maliyyə güzəştləri paketini təqdim edir.
Bu ərazilərə hələ də giriş nəzarət altındadır. Hökumət bunu təhlükəsizlik səbəbi ilə izah edir.
Əsasən Xankəndidə yaşamış ermənilərə məxsus evlərin taleyinin isə necə olacağı hələ bəlli deyil.
Azərbaycan Qarabağı tərk etmiş ermənilərə reinteqrasiya planı təqdim edib, eyni zamanda bildirib ki, qayıtmaq istəyən Qarabağ erməniləri Azərbaycan vətəndaşlığını qəbul etməlidir.


