Cəbrayıl rayonu ərazisinə 7 baş ceyran buraxılıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi
Zəngəzur iqtisadi rayonları ərazisində ekosistemlərin bərpası, o
cümlədən flora və fauna növlərinin qorunması istiqamətində
tədbirlər davam etdirilir.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva
Trend-ə bildirib
ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu,
IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun dəstəyi
ilə 2010-cu ildən həyata keçirilən “Azərbaycan Respublikasında
ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının
bərpası” layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə
növbəti reintroduksiya tədbiri həyata keçirilib.




“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə Şirvan
Milli Parkından götürülən 7 baş ceyran Cəbrayıl rayonu ərazisində
öz tarixi arealına buraxılıb”.

Xidmət rəsmisinin sözlərinə görə, “Azərbaycan Respublikasında
ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının
bərpası” layihəsi çərçivəsində bugünədək ümumilikdə 424 baş ceyran
tarixən yaşadıqları təbii areallara reintroduksiya olunub.