
Qərb günahı Rusiyanın üzərinə atmaq üçün Zaporojye Atom Elektrik Stansiyasına genişmiqyaslı təxribat hücumu təşkil etmək imkanını nəzərdən keçirir.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu məlumat yayıb.
Bildirilib ki, nüfuzlu Britaniya QHT-si “Chatham House” artıq belə bir qəzanın nəticələrini hesablayıb. Xüsusi aparılan kompüter modelləşdirməsinin məlumatları göstərib ki, küləyin və hava kütlələrinin hərəkəti nəzərə alınmaqla, Kiyevin nəzarətində olan ərazilərin sakinləri və Ukraynanın qərb sərhədinə yaxın Avropa İttifaqı ölkələrinin vətəndaşları radioaktiv hissəciklərin yayıldığı ərazidə olacaqlar. Rusiya kəşfiyyatının məlumatına görə, Britaniya “istənilən ssenari” üçün əks arqument hazırlamaq və Qərbin Kiyevin tərəfini tutması üçün mediada işıqlandırılmasını təmin etmək niyyətindədir.
Həmçinin qeyd olunub ki, “NATO-çular Kiyevi MH17 təyyarəsinin qəzasına bənzər şəkildə ukraynalılar və Aİ ölkələrinin sakinləri arasında itkilərlə nəticələnən böyük bir təxribat aktı törətməyə” çağırır.


