
Bakı.Trend:
QHT-lərə dövlət Dəstəyi Agentliyi 2023-cü ildə 24 layihəni,
2024-cü ildə 29 layihəni, 2025-ci ildə isə 51 layihəni
dəstəkləmişdir. Bu rəqəmlər göstərir ki, qeyri-hökumət
təşkilatlarının bu sahəyə marağı ildən-ilə artır.
Trend xəbər
verir ki, bu fikirləri bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin
təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən
ictimai müzakirədə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı
direktoru Aygün Əliyeva deyib.
O qeyd edib ki, bu çərçivədə 50-60 konfrans və forum təşkil
olunub, 25 kitab nəşr edilib, 11 film və ekran işi hazırlanıb,
həmçinin 20-dən çox video təqdim olunub. Üç il ərzində ümumilikdə
104 layihə dəstəklənib:
“Bu layihələr yalnız Azərbaycanın müxtəlif regionlarında deyil,
eləcə də xaricdə, Rumıniyada, Budapeştdə, Qazaxıstanda,
Özbəkistanda, İspaniyada, Niderlandda və digər ölkələrdə həyata
keçirilib”.
O vurğulayıb ki, son illər olduğu kimi, 2026-cı ildə də qrant
müsabiqələrində “Qərbi Azərbaycana qayıdış prosesi” prioritet
istiqamətdir:
“Hazırda daxil olmuş layihələrin ekspertizası aparılır. Xarici
ölkələrdə Qərbi Azərbaycan mövzusunda konfransların, beynəlxalq və
regional təşkilatlarda yan tədbirlərin təşkili, xarici QHT-lərlə
birgə hesabatların hazırlanması və yayılmasına dair təşəbbüslərə
üstünlük veriləcək”.


