Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bakı Kitab Mərkəzində “Zəfər sevinci” adlı musiqili-ədəbi gecədə iştirak ediblər (FOTO)

Baş səhifə

Bakı. Trend?

Bakı Kitab Mərkəzində ölkəmizin tanınmış elm, mədəniyyət və
ictimaiyyət xadimlərinin iştirakı ilə Vətən müharibəsində qazanılan
tarixi Qələbənin 5 illiyinə həsr olunmuş “Zəfər sevinci” adlı
ədəbi-musiqili gecə təşkil olunub.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media
Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Trend xəbər verir
ki, tədbirin əvvəlində Vətənimizin azadlığı və torpaqlarımızın
bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva
şəhidlərimizin qəhrəmanlığının hər zaman xalqımızın qürur mənbəyi
olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun
otuz ilə yaxın düşmən işğalı altında olan torpaqları azad etməsi və
ölkəmizin ərazi bütövlüyünün bərpa olunması müstəqil dövlətçilik
tariximizin ən şərəfli səhifəsidir.




Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi çıxışında
Vətən müharibəsində qazandığımız Qələbənin xalqımız üçün mənəvi
əhəmiyyətindən, şəhidlərin igidliyinin və qəhrəmanlığının gələcək
nəsillər üçün örnək rolundan danışıb.

Tədbirdə şəhid Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur,
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin qrup komandiri, Vətən
Müharibəsi Qəhrəmanı, şəhid baş gizir Camal İsmayılovun həyat
yoldaşı Fatimə İsmayılova, Vətən Müharibəsi Qəhrəmanı, şəhid mayor
Elçin Mansurovun anası Məleykə Məcidova çıxış ediblər.

Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının
nəzdində fəaliyyət göstərən Qara Qarayev adına Azərbaycan Dövlət
Kamera Orkestrinin solistlərinin və Beynəlxalq Muğam Mərkəzinin
Cahangir Cahangirov adına Xor kollektivinin ifasında xalq mahnıları
və bəstəkar əsərləri səsləndirilib.

Tədbirdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun
qəhrəmanlıq səhnələrini, azad edilmiş şəhər və kəndlərin
görüntülərini, eləcə də şəhidlərin xatirəsinin əbədiləşdirilməsini
əks etdirən videoçarx nümayiş olunub.