Bakı. Trend:
ABŞ və Mərkəzi Asiya ölkələri arasında mövcud olan “C5+1”
formatına Azərbaycanın da daxil edilməsi məqsədəuyğun olardı.
Trend-in xəbər
verir ki, bu barədə Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin sədri,
səfir Riçard Hoqland Vaşinqtonda keçirilən “Tərəfdaşlığın onilliyi:
C5+1 formatını gələcəkdə nə gözləyir?” adlı tədbir zamanı
bildirib.
O, Azərbaycanın görüşlərdəki fəallığına diqqət çəkib:
“Bir təklif irəli sürmək istərdim və ümid edirəm ki, C5 ölkələri
bu həftə Vaşinqtonda, xüsusilə sabahkı sammit zamanı bunu müzakirə
edəcəklər. Söhbət C5 formatını beynəlxalq təşkilat kimi
institusionallaşdırmaqdan gedir. Yaxud bəlkə də daha doğru desək,
C6, çünki Azərbaycan artıq C5 ölkələrinin bütün görüşlərində daha
fəal iştirak edir.”
Diplomat bu təşəbbüsü Cənub-Şərqi Asiyada yaradılmış ASEAN
təşkilatı və Baltik Şurası ilə müqayisə edib:
“Beynəlxalq təşkilat mövcud olduqca, onun dünya arenasındakı
təsir imkanları daha böyük olur,” – deyə o qeyd edib.
Hoqland həmçinin vurğulayıb ki, Mərkəzi Asiya ölkələri mürəkkəb
geosiyasi vəziyyətdə yerləşir:
“Onlar qonşuları – Rusiya, Çin, İran və Əfqanıstanla, eləcə də
daha uzaq tərəfdaşlar – Avropa İttifaqı və ABŞ ilə münasibətləri
səmərəli şəkildə qurmalıdırlar. C5 ölkələri bu işin öhdəsindən
özünəməxsus şəkildə, uğurla gəlirlər,” – deyə diplomat əlavə
edib.

