
Bakı. Trend:
Dövlət sosial müdafiə fondunun 2026-cı il üzrə xərcləri
8 483 070 000 manat məbləğində təsdiq
ediləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq və Əmək və sosial siyasət komitələrin bugünkü birgə
iclasında müzakirə olunan “Dövlət sosial müdafiə fondunun 2026-ci
il büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılar
olacaq:
- dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsinin gəlirləri
8 323 100 000 manat; - dövlət sosial müdafiə fondunun 2026-cı il yanvarın 1-nə
yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin
maliyyələşdirilməsinə yönəldilən 159 970 000
manat.
Dövlət sosial müdafiə fondunun (o cümlədən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının
və digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait
“Sosial sığorta haqqında” Qanuna uyğun olaraq növbəti ilin
xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
investisiyaya yönəldiləcək.
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara
nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə
vəsaitlər dövlət sosial müdafiə fonduna tam məbləğdə daxil
olmadıqda dövlət sosial müdafiə fondunun büdcəsinin
balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin
maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin
məbləği nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət
sosial sığorta haqları arasındakı fərq qədər artırılacaq, artıq
daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi
dövlət sosial sığorta haqları arasındakı fərq qədər
azaldılacaq.


