Bakı. Trend:
İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin
gəlirlərinin real artım tempi növbəti ildə 3,4
faiz, 2027-2029-cu illərdə isə orta illik 3,7 faiz
proqnozlaşdırılır.
Trend-in
məlumatına görə, bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, gəlirlərin artımına uyğun olaraq əhalinin
xərclərinin real artım tempi növbəti ildə 3,5 faiz
səviyyəsində, 2027-2029-cu illərdə isə orta illik
3,6 faiz səviyyəsində proqnozlaşdırılır.

Proqnozlara görə, əsas kapitala investisiyaların həcmi 2026-cı
ildə 6,9 faiz, 2027-2029-cu illərdə isə orta illik
2,9 faiz, qeyri neft-qaz sektorunda isə müvafiq
olaraq 1,1 faiz və 4,8 faiz
artacaq.
Vurğulanıb ki, 2024-cü il ərzində ölkə əhalisinin gəlirləri
əvvəlki ilə nisbətən nominal ifadədə 6,4 faiz
artaraq 83,1 mlrd. manata çatıb. Əhalinin
sərəncamında qalan gəlirləri 73,4 mlrd. manat
təşkil edib. 2024-cü ildə əhalinin gəlirlərində inflyasiya nəzərə
alınmaqla 4,1 faiz real artım müşahidə olunub.

2024-cü ildə əhalinin xərcləri əvvəlki ilə nisbətən nominal
ifadədə 6,1 faiz artaraq 81,1
mlrd. manat olub.
2024-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta
aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1
faiz artaraq 1.009,2 manat təşkil edib.

“Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi
haqqında” qanun layihəsi
Bildirilib ki, məcburi dövlət sosial sığorta haqlarının proqnoz
göstəricilərinin müəyyən edilməsi məqsədilə istifadə olunan əsas
makroiqtisadi göstəricilərdən olan orta aylıq əməkhaqqı
göstəriciləri İqtisadiyyat Nazirliyindən əldə edilmiş məlumatlarda
2025-ci il üzrə 1101,6 manat, 2026-cı il üzrə isə
1170,8 manat göstərilib. Fondun 2026-cı ildə
məcburi dövlət sosial sığorta haqları üzrə gözlənilən
daxilolmaların həcminin, habelə növbəti illərin proqnoz
rəqəmlərinin müəyyən edilməsi üçün qeyd edilən bu göstəricilər baza
qismində qəbul edilərək büdcə tərtibi zamanı hesablamalarda nəzərə
alınıb.
Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində 2025-ci
ilin yanvar-may ayları üzrə açıqlanmış aylıq makroiqtisadi
göstəricilər barədə rəsmi statistik məlumata əsasən, bu göstərici
1095,0 manat (və ya əvvəlki ilin müvafiq dövrünün
göstəricisi ilə müqayisədə 9,1 faiz çox) təşkil
edib ki, bu da cari vəziyyətdə 2026-cı il üzrə orta aylıq əməkhaqqı
göstəricisinin 1170,8 manat təşkil etməsi barədə
gözləntilərin əsaslı olduğunu deməyə imkan verir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məcburi
dövlət sosial sığorta haqları üzrə 2021-2024-cü illərə dair debitor
və kreditor borcları barədə rəsmi qaydada əldə olunmuş göstəricilər
bu istiqamətdə ümumi tarazlığın qismən pozulduğunu, əvvəlki ilin
müvafiq göstəriciləri ilə müqayisədə debitor borcunun faiz
göstəricisinin artımı (2022-ci ildə 7,24 faiz,
2023-cü ildə 9,91 faiz, 2024-cü ildə isə
12,70 faiz) debitor borclarında 2026-cı ildə
məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda potensial
göstərici olaraq istifadə etməyə imkan verir.



