
Bakı.Trend:
Son illərdə Azərbaycanın siyasi palitrasında dəyişiklik meylləri
daha qabarıq şəkildə hiss olunur. Cəmiyyətin ictimai-siyasi
gözləntiləri, dövlət idarəçiliyində yeni yanaşmalar və regional
geosiyasi proseslər siyasi aktorların fəaliyyətinə birbaşa təsir
göstərir. Bu kontekstdə uzun illər müxalif spektrin əsas
dayaqlarından hesab olunan AXCP, Müsavat Partiyası və bəzi siyasi
dairələrin “5-ci kolon” kimi xarakterizə edilən qüvvələri
ictimai-siyasi gündəmdən tədricən uzaqlaşmaqdadır. Bu proses yalnız
konkret siyasi təşkilatların zəifləməsi ilə deyil, həm də
seçicilərin yeni siyasi yanaşma və alternativlərə olan tələbatının
artması ilə əlaqələndirilir. Hadisələrin inkişafı Azərbaycanın
siyasi səhnəsinin yenidən formalaşması və yeni güc balansının
yaranması baxımından diqqət çəkir.
Mövzuyla bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Bəhruz
Məhərrəmov bildirib ki, hələ 2020-ci ildə VI çağırış Milli Məclisin
ilk iclasındakı tarixi çıxışında möhtərəm Prezident bəyan etmişdi
ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi
münasibətləri sağlam zəmində gücləndirməyə ehtiyac var.
“Dövlət başçısının bu tezisləri rəhbər tutularaq həm VI çağırış,
həm də VII çağırış Milli Məclisdə müxalifətə istər Parlamentin
sədarətində, istərsə də komitə və komissiyaların rəhbərliyində yer
verildi və bu da siyasi sistemin sağlamlaşdırılması və milli siyasi
həmrəyliyin təmin edilməsi istiqamətində mühüm bir mərhələ rolunu
oynamağa başladı. Təsadüfi deyil ki, Vətən müharibəsi və antiterror
tədbirlərində anti-Azərbaycan mövqeyin daşıyıcısı olan marginal
dairələri çıxmaq şərtilə bütün siyasi partiyalar ümummilli
məqsədlər ətrafında sıx birləşərək milli həmrəyliyə öz töhfələrini
verdilər”.
Deputat qeyd edib ki, Bir zamanlar Mixail Qorbaçovun
yenidənqurma siyasəti çərçivəsində “demokratiya və aşkarlıq”
siyasətinin “bariz nümunəsi kimi” formalaşan və 30 ildə isə
birmənalı şəkildə ayrı-ayrı güclərin marioneti kimi çıxış edən Xalq
Cəbhəsi və sonrakı periodda təqribən eyni dəyərli bölüşən Müsavat
isə bir qayda olaraq antimilli mövqeyini qorumağa, Azərbaycan
dövləti və xalqının mənafelərini yox, tezisləri aldığı dairələrin
direktivlərini müdafiə etməyə üstünlük verdilər:
“Əlbəttə, Azərbaycan xalqı bu reallığı görür və nəticə etibarilə
artıq onillərdir ki, siyasi hakimiyyətin heç bir qolunda bir
zamanlar Azərbaycan ərazilərinin qurban verilməsi və yaranan
situasiyada çevriliş yolu ilə hakimiyyəti zəbt etmiş və yenidən
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur torpaqları hesabına
hakimiyyətdə qalmağa cəhd edən AXCP-Müsavat ünsürlərinə etimad
göstərilmir”.
B.Məhərrəmov vurğulayıb ki, ötən dövr ərzində cənab İlham
Əliyevin rəhbərliyi altında Azərbaycanda ictimai-siyasi sabitliyə
tam şəkildə nail olunması, siyasi müstəqilliyin möhkəmləndirilməsi,
iqtisadi müstəqilliyin birmənalı bərqərar olunması, habelə ölkədə
milli qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində vətəndaş
cəmiyyəti institutlarının və siyasi partiyaların fəaliyyətində
şəffaflığı təmin edən siyasi situasiyaya nail olunması fonunda
xalqın da tam dəstəyini itirən bu marginal qruplaşma hərəkət
imkanlarından məhrum olduğu üçün artıq bir zamanlar onlara tezis və
direktivlər etibar edən qüvvələrin də dəstəyindən məhrum olmağa
başlayıblar.
“Dövlət başçımızın 2020-ci il mart ayının 10-da Parlamentin
tribunasından ifadə etdiyi kimi, “həmin xarici dairələrin burada
özünü müxalifət adlandıran və tamamilə rüsvayçı halda guya
fəaliyyətini davam etdirən qruplaşmalardan əlləri üzülüb, onlara
heç bir inam qalmayıb”.
Deputatın qeyd edib ki, təsadüfi deyil ki, artıq anti-Azərbaycan
dairələr 5-ci kolon obrazını xaricdə axtarmağa və bu istiqamətdə “mühacirlər”dən ibarət yeni söyüş müxalifəti qruplaşmasının təsis
edilməsinə start veriblər.
“Hər bir dövlətdə siyasi müxalifətin mövcudluğu insan və
vətəndaş hüquq və azadlıqlarının təmini, o cümlədən dövlət
idarəçiliyində şəffaf və etibarlı formatın təşəkkülü üçün mühüm
rola malikdir. Bu mənada, dünya təcrübəsində siyasi səhnədə, o
cümlədən seçkilərdə və digər siyasi proseslərdə uğur qazana
bilməyən qüvvələr bir qayda olaraq könüllü şəkildə geri çəkilir,
reallıqlarla barışırlar”,deyə B.Məhərrəmov qeyd edib.
Deputat bildirib ki, 30 ildən artıq bir müddətdə davamlı
məğlubiyyət, o cümlədən Azərbaycan xalqının gözündə birmənalı
xəyanətkar imiclərinə baxmayaraq AXC-Müsavat ünsürləri bir qayda
olaraq Azərbaycan xalqının iradəsinə yox, kənar dəstəkçilərin
köməyinə bel bağlayaraq zorla siyasi səhnədə qalmağa çalışmış,
cılız və populist problemlər hesabına gündəm yaratmağa, daxili
siyasi sabitliyi, ictimai qaydanı pozan faəliyyətlərə qurşanmağa
üstünlük veriblər.
“Xüsusən AXCP qruplaşması bu istiqamətdə Azərbaycan dövlətinin
maraq və mənafelərini hədəfə alan istənilən xarici dairə ilə
əməkdaşlıqdan çəkinməmiş və bu gün də söyüş müxalifəti ilə eyni
səhnəni bölüşməkdədir. Əlbəttə, Azərbaycan xalqı üçün bu “qüvvələr”
artıq siyasi meyitdən başqa bir şey deyil və mövcudluqlarını formal
olaraq davam etdirmələri onların statusunu Azərbaycan
vətəndaşlarının gözündə hər hansı formada dəyişmir. Azərbaycanın
Vətən müharibəsi və antiterror tədbirlərindən sonra yaratdığı yeni
reallıqda dövlətin hər kəsə qucaq açması fonunda yaranan yeni
situasiya əslində cəmiyyətdən təcrid olunmuş, milli xəyanət yolunu
tutmuş bu dairələr üçün də bir şansdır ki, onlar yeni düzənə
uyğunlaşsınlar”.
B.Məhərrəmov əlavə edib ki, uyğunlaşmanın yeganə üsulu isə artıq
faktiki olaraq Azərbaycan siyasi səhnəsində mövcud olmayan bu
dairələrin reallıqla barışması, yarıtmaz fəaliyyətlərinə son
qoyaraq özlərinə başqa iş axtarmaları ola bilər.


