
Bakı.Trend:
Media savadlılığı orta məktəblərdə tədris edilməlidir.
Trend xəbər
verir ki, bu fikirləri “Ailə, qadın və uşaq məsələləri mediada”
mövzusunda keçirilən konfransda Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu səsləndirib.
O bildirib ki, XXI əsr dəyərlər savaşının getdiyi bir
əsrdir:
“Biz hamımız dəyərlər uğrunda mübarizənin aparıldığı bir dövrdə
yaşayırıq. Yalnız o xalq bu savaşı uğurla keçə bilər ki, öz
dəyərlərinə sahib çıxa bilsin. Hər birimiz, statusumuzdan,
vəzifəmizdən, yaşımızdan asılı olmayaraq, bu dəyərlər uğrunda
mübarizə aparmalı və gələcək nəsillərə onları tanıtmaq
məsuliyyətini daşımalıyıq”.
Vüqar Zifəroğlu vurğulayıb ki, bu bir prosesdə medianın üzərinə
böyük məsuliyyət düşür:
“Gender bərabərliyi və medianın rolu məsələsində alimlərimiz,
xüsusən də Sevinç xanım və digər müəlliflər mühüm işlər görüblər.
2021-ci ildə Avropa Şurasının Bakı ofisinin dəstəyi ilə gender
bərabərliyi və jurnalistika mövzusunda çox faydalı bir metodik
vəsait hazırlanmışdı. Həmin vəsaitdə uşaq jurnalistikası, qadın
mövzularının işıqlandırılması, kriminal xəbərlərdə etik meyarlar
kimi mühüm məsələlər öz əksini tapmışdı”.
V.Zifəroğlu əlavə edib ki, XXI əsrin insanı media savadlı
olmalıdır.
“Sosial media, informasiya müharibəsi, dezinformasiya artıq
gündəlik həyatımızın bir hissəsidir. Azərbaycana qarşı aparılan
informasiya müharibəsində çox vaxt qadınlarımız və uşaqlarımız
hədəf seçilir. Buna görə bu məsələyə son dərəcə həssas yanaşmaq
lazımdır”.

