Bakı. Trend:
İtaliyanın paytaxtı Romada yerləşən İmperator Forumundakı “Torre
dei Konti” adlı tarixi tikilinin bir hissəsinin uçması nəticəsində
bir işçi dağıntılar altında qalıb.
Trend xəbər verir
ki, mülki müdafiə qüvvələri axtarış-xilasetmə əməliyyatını davam
etdirir.
Məlumata görə, dağıntılar altında qalan 66 yaşlı rumıniyalı
işçini xilas etmək üçün zamana qarşı yarış aparılır. Xilasedicilər
onunla səsli əlaqə saxlaya biliblər.
Hadisə zamanı tikilinin tamamilə çökmə riski yüksək
qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb.
IX əsrin əvvəllərində inşa edilən tarixi qüllənin bir hissəsi
təmir-bərpa işləri aparılarkən uçub. Nəticədə dörd nəfər xəsarət
alıb. Daha sonra aparılan xilasetmə əməliyyatı zamanı tikilinin
digər hissəsi də çöküb, dağıntılar altından iki nəfər sağ
çıxarılıb.

