Sahibkarlıq subyektləri ilə bağlı qərarda dəyişiklik edilib

Baş səhifə

Bakı. Trend:

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü
meyarları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin
Qərarında dəyişiklik edilib.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyinə il ərzində fəaliyyəti olmuş, habelə yeni yaradılan və
ləğv olunmuş sahibkarlıq subyektlərinin ölçüsünə görə mikro, kiçik,
orta və iri sahibkar kateqoriyaları üzrə bölgüsünün bu meyarlara
uyğun təşkilini və hesabat ili başa çatdıqdan sonra növbəti il
mayın 10-dan gec olmayaraq, real vaxt rejimində işçilərin orta
siyahı sayı və illik gəlir göstəriciləri göstərilməklə müvafiq
məlumatların Azərbaycan Respublikasının Dövlət Statistika
Komitəsinə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid
məlumat reyestri”nə ötürülməsini təmin etmək tapşırılıb.




Bu qərarla “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin
bölgüsü meyarları”nda da dəyişiklik edilib.

Belə ki, sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar
kateqoriyalarına aid edilməsi Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qərara uyğun
olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim
olunan 2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
yanında Dövlət Vergi Xidməti tərəfindən həmin sahibkarlıq
subyektləri haqqında reyestrə daxil edilən məlumatlar əsasında başa
çatmış hesabat ili üzrə Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi tərəfindən müəyyən edilir, meyar göstəriciləri üzrə
məlumatlar dəyişdikdə real vaxt rejimində yenilənir və sahibkarlıq
subyektlərinə təqdim edilir. Vergitutma məqsədləri üçün vergi
qanunvericiliyində nəzərdə tutulan güzəşt və azadolmalar
sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının müəyyən edilməsinə
əsas verən göstəricilərin aid olduğu başa çatmış hesabat ili
ərzində tətbiq edilir.

Sahibkarlıq subyektlərinin (yeni yaradılan və ləğv olunmuş
sahibkarlıq subyektləri istisna olmaqla) hesabat ilində meyar
göstəriciləri dəyişmədikdə, həmin sahibkarlıq subyektlərinin
əvvəlki il üzrə müəyyən edilmiş meyarlar üzrə bölgüsü qüvvədə
qalır.