Bakı. Trend:
Serbiya Daxili İşlər Nazirliyinin əməkdaşları 2 noyabr axşamı
Respublikanın Xalq Məclisi (parlament-red.) binası qarşısında
keçirilmiş icazəsiz aksiya zamanı ictimai asayişi pozmaqda və
insidentlər törətməkdə iştirak edən 37 nəfəri saxlayıblar.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Serbiya DİN mətbuat xidməti
məlumat yayıb.
“Polis vətəndaşların və dövlət əmlakının təhlükəsizliyinə təhdid
yaradan digər iştirakçıların şəxsiyyətinin müəyyənləşdirilməsi və
axtarışı istiqamətində intensiv iş aparır.
Polis ictimai asayişi, əmin-amanlığı və bütün vətəndaşların
təhlükəsizliyini qorumaq məqsədilə qanunla nəzərdə tutulmuş bütün
tədbirləri ardıcıl şəkildə tətbiq etməyə davam edəcək”, – bəyanatda
bildirilir.
Xatırladaq ki, iğtişaşlar noyabrın 2-si axşam Belqradın
mərkəzində baş verib. Həmin vaxt eyni anda iki tədbir keçirilirdi –
prezident Aleksandar Vuçiçin tərəfdarlarının razılaşdırılmış
mitinqi və müxalifət fəallarının aksiyası. DİN-in məlumatına görə,
icazəsiz aksiyanın iştirakçılarından ibarət təşkilatlanmış qrup
qeydiyyatdan keçmiş ictimai tədbirdə olan insanlara hücum edib,
onların üzərinə müxtəlif əşyalar və pirotexniki vasitələr
atıblar.

