Meksikada güllələnən mer federal mühafizə altında olub

Baş səhifə
Meksikada güllələnən mer federal mühafizə altında olub

Meksikada bir gün əvvəl güllələnən Uruapan şəhərinin meri Karlos Manso federal mühafizə altında idi.

“Report”un məlumatına görə, Meksika Prezidenti Klaudiya Şeynbaum bu barədə “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O, Müdafiə Nazirliyinin və Miçoakanda yerləşən Milli Qvardiya bölmələrinin rəhbərlərinin merlə əlaqə saxladığını qeyd edib. Şeynbaum əlavə edib ki, bazar günü regionu dəstəkləmək və cinayətkarların cəzasız qalmaması üçün Milli Təhlükəsizlik Şurasının iclasını təşkil edib. O, həmçinin Mansonun ailəsinə və dostlarına başsağlığı verib.

Uruapanın meri noyabrın 1-də Ölülər Günü mərasimləri zamanı güllələnib. Siyasətçiyə altı güllə atılıb, yaralı mer xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər polis tərəfindən saxlanılıb, digər hücumçu isə ölüb.

Yerli media bildirib ki, mərhum mer Prezidentin mütəşəkkil cinayətkarlıqla mübarizəyə yanaşmasını kəskin tənqid edib. Manso xüsusilə narkotik kartelləri ilə mübarizəyə diqqət yetirib və Meksika hökumətindən daha çox dəstək tələb edib. O, hadisədən bir ay əvvəl təhdidlər aldığını bildirib.