
Bakı. Trend:
Oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdə Zeytun Festivalı
keçirilir.
Trend xəbər verir ki,
“Absheron Olive Garden”, “Zire Olives” və “Olivea” şirkətlərinin
sponsorluğu ilə keçirilən festivalın əsas məqsədi Azərbaycanın
qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların
dəstəklənməsi və bu sahədə milli brendin formalaşdırılmasına töhfə
verməkdir.
Tədbirə qatılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Anar Ələkbərov və kənd təsərrüfatı naziri Məcnun Məmmədov festival
pavilyonlarını ziyarət ediblər. Rəsmilər Qoşa Qala meydanında
qurulan stendlərlə tanış olub, yerli istehsalçıların məhsullarını
nəzərdən keçirib, zeytunçuluğun inkişafı, yeni istehsal
texnologiyaları və məhsul çeşidləri barədə məlumat alıblar.
Azərbaycanın kənd təsərrüfatı sektorunda bu kimi təşəbbüslərin
xüsusi önəm daşıdığı, yerli brendlərin tanıdılmasına, kiçik və orta
sahibkarların bazara çıxış imkanlarının genişlənməsinə mühüm dəstək
olduğu bildirilib.
Son illər ölkəmizdə zeytun bağlarının sahəsinin genişləndiyi,
emal müəssisələrinin modernləşdiyi, festivalın yerli istehsalçıları
və istehlakçıları bir araya gətirməsi baxımdan əhəmiyyətli olduğunu
qeyd edib.
Festival çərçivəsində retro avtomobillərin nümayişi, tematik
sərgilər və zeytundan istifadə üzrə ustad dərsləri keçirilir. Eyni
zamanda İçərişəhərdə fəaliyyət göstərən 17-dən çox restoran tədbirə
qoşularaq zeytun və zeytun yağı əsasında xüsusi menyular
hazırlayır.
Ziyarətçilər üçün açıq havada yaradılan bu zövqlü ab-hava,
İçərişəhərin tarixi mühiti ilə birləşərək, festivalı əsl bayram
atmosferinə çevirib. Qonaqlar burada həm milli mətbəxin
zənginliyini, həm də yerli istehsalın keyfiyyətini əks etdirən
xüsusi təamların dadına baxmaq imkanı əldə edirlər.


