Bakı. Trend:
Davam edən hökumətin bağlanması ABŞ-nin nüvə arsenalının
modernləşdirilməsi prosesini təhlükə altına qoyur.
Trend xəbər verir
ki, bunu energetika naziri Kris Rayt “Fox News” telekanalına
müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Energetika Nazirliyi bu sahədə
podratçılara ödəniş edə bilmədiyi üçün layihələrin həyata
keçirilməsi dayanmaq riski ilə üzləşib.
“Departamentimizin işinin bir hissəsi ABŞ-nin nüvə arsenalının
inkişafı, dizaynı və texniki xidmətidir. Hal-hazırda sistemlər saz
vəziyyətdədir, lakin modernləşdirmə işlərinə bizim idarə
cavabdehdir. Bağlanma səbəbindən podratçılar məzuniyyətə
göndərilmək üzrədir”, – Rayt vurğulayıb.
O əlavə edib ki, bu vəziyyət onilliklərdir Amerika silah
sistemləri üzərində çalışan mütəxəssisləri işsiz və təzminatsız
qoya bilər. “Nüvə infrastrukturunun modernləşdirilməsi prosesinə
risk etməmək üçün daha sağlam düşüncəli demokratların dəstəyinə
ehtiyacımız var”, – deyə nazir bildirib.

