Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən
keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən
edilərək saxlanılıblar.
Trend xəbər verir ki, keçirilən əməliyyat tədbirləri zamanı
əvvəllər məhkum olunmuş, 50 yaşlı Azadi Babayev saxlanılıb. Onun
yaşadığı ünvana baxış keçirilən zaman külli miqdarda heroin aşkar
edilərək götürülüb. A.Babayev narkotik vasitəni satış məqsədilə
əldə edib saxladığını etiraf edib.
Digər əməliyyat tədbirləri nəticəsində 30 yaşlı Atay Elçin,
Sahib Zeynalov və 33 yaşlı Elvin Mehrəliyev də müəyyən edilərək
saxlanılıblar. S. Zeynalova məxsus avtomobilə baxış zamanı oradan
külli miqdarda metamfetamin aşkarlanaraq götürülüb.
Bundan əlavə, keçirilən növbəti əməliyyat tədbiri ilə əvvəllər
məhkum olunmuş, 63 yaşlı Fazil Kərimov da saxlanılıb. Onun yaşadığı
evin həyətinə baxış zamanı xüsusi qulluqla yetişdirilən 87 ədəd
çətənə kolları aşkarlanıb.
Faktlarla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər
Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri
başlanılıb, istintaq araşdırmaları davam etdirilir.

