Bakıda dünya çempionatına seçmə xarakter daşıyan oyunun açılış mərasimi keçirilib

Baş səhifə
Bakıda dünya çempionatına seçmə xarakter daşıyan oyunun açılış mərasimi keçirilib

Bakıda qadınlardan ibarət Azərbaycan və Özbəkistan şahmat komandaları arasında dünya çempionatına seçmə xarakter daşıyan görüşün açılış mərasimi keçirilib.

“Report” xəbər verir ki, tədbir hər iki ölkənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra açılış üçün söz Gənclər və İdman Naziri Fərid Qayıbova verilib. Yığma üzvlərini salamlayan nazir, iştirakçılara uğurlar arzulayıb. O, Azərbaycanla Özbəkistanın dost və qardaş ölkələr olduğunu xatırladaraq, bu görüşdə iştirak etməkdən məmnun olduğunu deyib.

Ardınca Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxış edib. Eyni zamanda yarışın baş hakimi olab Həsənov maraqlı oyunlara şahidlik edəcəklərini söyləyib.

Sonra ilk gedişi reallaşdıran Fərid Qayıbov görüşdə açılışı edib.

Qeyd edək ki, Azərbaycan millisi matçda bu heyətlə çıxış edir: Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ülviyyə Fətəliyeva. Komandanın kapitanı Avropa çempionu Qədir Hüseynovdur.

Dünya çempionatı noyabrın 18-23-ü aralığında İspaniyanın Linares şəhərində keçiriləcək.